21 iyun 2025 21:55
196

Qərbi Azərbaycana elmi-siyasi təfəkkür işığında Böyük Qayıdış

Bu qayıdış prosesinin koordinasiya mərkəzi isə gələcəkdə Naxçıvan Muxtar Respublikası olacaq

Dahi siyasətçi, ümummilli Lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu diplomatiyası sayəsində mənfur və nankor ermənilərin zaman-zaman – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə xalqımıza qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin təbliği, bu əzəli torpaqlarımızdan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə müdafiə olunması sahəsində böyük uğurlar qazanılıb. Ölkə başçımızın siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 2020-ci ildə, 44 günlük Vətən müharibəsində qazanılan Möhtəşəm Qələbə ilə torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması xalqımızın birmənalı hüququ olan Qərbi Azərbaycana qayıdışı üçün də yeni üfüqlər açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi, burada prinsipial mövqeyə əsaslanan, proqram xarakterli çıxış etməsi xalqımızda Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına əminlik və böyük ruh yüksəkliyi yaratdı. Ölkə başçısının bilavasitə göstərişi əsasında Qərbi Azərbaycan İcmasının (QAİ) fəaliyyətinin konseptual xarakterli çərçivə sənədi – Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hazırlandı. Ötən müddət ərzində bu tarixi sənədin icrası istiqamətində çoxşaxəli məqsədyönlü addımlar atılmaqdadır.

Bəhs etdiyimiz tarixi sənədin icrası istiqamətində İcmanın Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış elmi-tədqiqat şöbələri ilə əlaqəli şəkildə fəaliyyətini xüsusilə təqdirəlayiq hesab etmək lazımdır. Xatırladaq ki, həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü əsasında AMEA Rəyasət Heyətinin 16 yanvar 2023-cü il tarixli qərarı ilə Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurası yaradılıb. Bundan əlavə, “AMEA-nın Qərbi Azərbaycanın tədqiqi və təbliği ilə bağlı Tədbirlər planı” təsdiq edilərək mərhələli şəkildə həyata keçirilməkdir. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda “Qərbi Azərbaycan tarixi”, Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru”, Nəsimi adına Dilçilik İnstitutunda isə “Toponimika” şöbələri yaradılıb. Burada Qərbi Azərbaycanla əlaqədar çoxsahəli tədqiqatlar aparılmaqda, elmi nəşrlər hazırlanmaqdadır.                                     

23-24 noyabr 2023-cü il tarixlərdə Naxçıvan Dövlət Universitetinin təşəbbüsü ilə Naxçıvan şəhərində Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres keçirilməsi də Qərbi Azərbaycana qayıdış strtaegiyasının reallaşdırılması istiqamətində mühüm tarixi addım oldu. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı, Türkiyədən olan 20-dən çox qurumun tərəfdaşlığı ilə keçirilən festival-konqres mühüm tarixi məqamları ilə yadda qaldı.      Xatırladaq ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı giriş nitqində sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməsi ilə də bağlı tapşırıq vermişdir. Qərbi Azərbaycana coğrafi-etnik baxımdan, tarix etibarilə daha doğma və yaxın olan Naxçıvan bu çağırışa ilk cavab verərək möhtəşəm bir tədbir reallaşdırdı. Bununla eyni zamanda Qərbi Azərbaycanla bağlı yeni elmi-tədqiqat mərhələsinin rəmzi təməli qoyuldu, bu festival-konqresin ənənəvi olaraq keçirilməsi qərara alındı. Ölkəmizin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçıların bir araya gəldiyi bölmə iclaslarında ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsi kimi aktual məsələlər ortaya qoyuldu. Azərbaycanın elm, təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin araşdırılması sahəsində ardıcıl, sistemli tədqiqatların aparılması və elmi-tarixi, nəzəri əsərlərin yazılması zərurəti qeyd edildi. Konqres beynəlxalq təşkilatlara Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirməyə, Qərbi azərbaycanlıların ləyaqətli və tam təhlükəsiz qayıdışına səssiz qalmamağa çağırış etməklə həm də siyasi əhəmiyyət daşıdı. Festival-konqres çərçivəsində keçirilən kitab təqdimatları, ustad dərsləri, film nümayişləri, xalq oyunları, kompozisiyalar, konsert proqramları, müxtəlif sərgilər, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış modelyer-rəssam Fəxriyyə Xələfovanın ilk dəfədir ki, Naxçıvanda təşkil olunan “Milli ornamentlərin harmoniyası” adlı kolleksiyası və yeni elmi-tarixi faktlarla zəngin məruzələr tarixi həqiqətin sarsılmazlığına, doğma yurda qayıdışa əminlik yaratdı. Festival-konqres çərçivəsində qonaqlar Ordubad rayonunun Parağa, Kəngərli rayonunun Çalxanqala kəndlərində yaşayan Qərbi azərbaycanlılarla görüşdülər. Bu, deportasiyaya məruz qalmış müxtəlif nəslin nümayəndələri olan soydaşlarımızla əslən Qərbi Azərbaycandan olan bugünkü nəslin bölgələrdə bəlkə də ilk belə tarixi kütləvi görüşü idi ki, festival-konqres nəsillərarası əlaqəni daha da möhkəmləndirmək, milli yaddaşı təzələmək, düşüncələrdə yurda dönüşə birgə güclü inam yaratmaq baxımından da çox mühüm əhəmiyyət kəsb etdi.

2024-cü il iyunun 21-22-də keçirilən ikinci “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də Qərbi Azərbaycanda xalqımızın uzun illər ərzində yaratdığı mədəni irsin, tarixi keçmişimizin təbliği, həmçinin doğma torpaqlara qayıdış hüququnun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımndan çox böyük əhəmiyyətə malik oldu. Vurğulayaq ki, bəhs etdiyimiz festival-konqreslərin plenar iclaslarında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın, Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevin, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan Araşdırma Mərkəzinin təssisçisi, professor Mahirə Hüseynovanın çıxış etmələri bu tədbirlərə siyasi dəyər verdi. Çıxışlarda bildirildi ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi, 2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyimizin onun bütün ərazisində təmin edilməsi Qərbi Azərbaycana qayıdış hərakatının da ümümmilli ideologiya səviyyəsində geniş vüsət almasına səbəb olmuşdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı ilə yanaşı, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası, Qərbi Azərbaycana qayıdışı kimi reallıqlar ortaya çıxarmışdır.

İkinci festival-konqresin Azərbaycanın dilbər guşələrindən biri olan Batabat yaylağında təşkil olunması isə xüsusi rəmzi məna daşıyırdı. Bu festivalın mənfur düşmənlərimizin işğal arzusunu əbədilik gözündə qoyan qədim Naxçıvan diyarının füsunkar məkanında – vaxtilə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndlərindən cəmi bir neçə kilometr məsafədə yerləşən ərazidə keçirilməsi ermənilərə gözgörəsi ibrət dərsi idi. Biz “həm ruhən, həm də məsafə etibarilə Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq!” deməklə öz mənəvi haqqımıza qovuşmamıza, tarixi ədalətin bərpasına çox az qaldığını bəyan etdik.

Batabat yaylağında Qərbi Azərbaycanın 11 mahalını rəmzi olan çadırların qurulması, müstəqillik rəmzi Dövlət Himnimizin səsləndirilməsi, el ağsaqqalı, müdrik Dədə Qorqudun müqəddəs qopuz sədaları altında xeyir-dua verməsi, üçrəngli Dövlət Bayrağımızı vüqarla dalğalandıran çaparların dağlara səs salan qələbə müjdəsi, zəfər simvolu olan üç tonqal, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası hazırladığı "Zəfər" və "Dərələyəz" kompozisiyaları tədbirə millilik, həmrəylik gözəlliyi bəxş etdi. Qərbi Azərbaycandan olan iki gəncin toy mərasimi əzəli yurd yerimizin folklor və etnoqrafiyasını, milli mədəni irsini  sərgiləməklə yanaşı çox yaxında Qərbi Azərbaycana qayıdacağımızla bağlı bayram şadyanalığının simvolu oldu, insanlara qələbə ovqatı bəxş etdi. Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzi tərəfindən təşkil olunan Qərbi Azərbaycan mətbəxinə məxsus kulinariya sərgisi də festival-konqres iştirakçılarının marağını cəlb edib. 

Festival-konqresin bölmə məruzələrdə indiki Ermənistanın qədim Oğuz-türk yurdunun tarixi bir bölgəsi olması tarixi, arxeoloji, toponimik və dil faktorları əsasında bir daha elmi təsdiqini tapdı. Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında Qərbi Azərbaycanla bağlı çap olunmuş kitabların təqdimatı erməni məkri və saxtakarlıqlarının ifşası baxımından əhəmiyyət kəsb etdi.

Bu il, yunun 13-ü və 14-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda respublika elmi konfransı mövcud ənənənin uğurlu davamı olmaqla yanaşı elmi ağırlığı, elmi yenilik zənginliyi və mahiyyət dərinliyi ilə xüsusilə seçildi. Konfrans Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırıldı. Bu faktın özü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası istiqamətində qarşıya qyulmuş hədəflərə çatmaqda vahid təşkilatlanmadan, konkret məqsəd və ideya birliyi formalaşmasından xəbər verir.

AMEA Naxçıvan Bölməsi AMEA-nın 80 illik yubileyini qeyd etdiyimiz ərəfədə bəhs etdiyimiz konfransa öz elmi-yaradıcı potensialının çoxsaylı uğurları ilə gəlmişdi. “Xalqımızın qədim yurd yeri: Qərbi Azərbaycan” mövzusunda və digər elmi konfransların keçirilməsi, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” (2012),  filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” ikicildliyi (2023; 2025) və digər elmi və elmi-kütlıvi nəşrlərin hazırlanması, movzu ilə bağlı elmi tədqiqatların müxtəlif dillərdə beynəlxalq impakt faktorlu junalda da yer alması bunu bir daha təsdiq edir. Tədbir çərçivəsində öz mövzu rəngarəngliyi və aktuallığı ilə seçilən belə elmi nəşrlərdən ibarət kitab sərgisi festival-konqres iştirakçıları tərəfindən maraqla qarşılandı.

Plenar iclasda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevın çıxışı ilə erməni şovinizminin dünya imperializminin havadarlığına arxalanaraq Azərbaycan xalqına qarşı törətdikləri soyqırım və deportasiya faciələri bir daha yaddaşlarda yeniləndi. Nə qədər ağır və faciəvi olsa da tarixə qısa ekskurs zamanı məlum oldu ki, XX əsr boyu həyata keçirilmiş və XXI əsrdə də davam etmiş soyqırımı, deportasiya və təcavüzlər on minlərlə həmvətənimizin qətliamına, yüz minlərlə azərbaycanlının öz doğma yurdundan didərgin düşməsinə  səbəb olub. Ermənilər yuzilliklər boyu törətdikləri bu vandalizmə görə tarix qarşısında, beynəlxalq hüquq çərçivəsində cavab verməlidir. Məhz Azərbaycanın dövlət siyasəti, iqtidar-xalq birliyi buna nail olmağa zəmanət verir.

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov vurğuladı ki, ölkəmizin hərtərəfli inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə yetərli nüfuz və söz sahibinə çevrilməsi, milli həmrəyliyimiz, Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü qalibiyyətlə bərpa etməsi, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradə və qətiyyəti  Qərbi Azərbaycana sülh yolu ilə qayıdışı günbəgün reallaşdırır. Bu proseslərdə Qərbi Azərbaycana məxsus toponimləri, dil faktlarını, dini-tarixi abidələri və digər mədəniyyət nümunələrini araşdıraraq tutarlı elmi sübut və dəlillər ortaya qoyan alim və ziyalılarımızın müstəsna xidmətləri danılmazdır, eyni zamanda onların üzərinə mühüm tarixi vəzifələr düşür.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin uzaqgörən sülhsevər siyasətinə əsaslanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını tarixi zəfərdən sonra ölkəmizdə ikinci Böyük Qayıdış Proqramı  kimi təhlil etdi. Akademik AMEA institutları nəzdində yaradılan “Qərbi Azərbaycan tarixi”, “Qərbi Azərbaycan folkloru” və “Toponimika” şöbələrinin geniş fəaliyyəti barədə dolğun məlumat verdi. Qərbi Azərbaycan mövzuunda elmi konfranslarin, “Xalq qəzeti” ilə birgə mövzu ilə  bağlı ictimai müzakirələrin təşkil edilməsi, “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri”, “Qərbi Azərbaycan dialektoloji atlası” “Qərbi Azərbaycan folklor örnəkləri” toplusu,  “Qərbi Azərbaycan Ensiklopediyası” kimi dəyərli nəşrlərin hazırlanması istər  Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının elmi-ictimai müstəvidə uğurlu icrası, istərsə də müqəddəs elm məbədgahımız olan AMEA-nın 80 illik yubilieyinin uğurlu hesabatı kimi də əhəmiyyətlidir.

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Qərbi Azərbaycana həsr olunmuş fundamental tədqiqatlardan bəhs edib, bu araşdırmaların gənc tədqiqatçılar üçün yeni elmi üfüqlər açdığını bildirib. Elbrus İsayevin  Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin, toponimlərinin tədrisi və tədqiqi ilə bağlı universitetin qazandığı çoxsaylı uğurlar haqqında verdiyi məlumatlar hər kəsdə qürur doğurdu.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, QAİ-nin Amasiya rayonu üzrə sədri Abel Məhərrəmovun Naxçıvan və Qərbi Azərbaycanın tarixindəki oxşarlıqlarla və Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı maraqlı faktları diqqətə çatdırdı. QAİ İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri, professor Mahirə Hüseynovanın Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsi – ermənilərin heç bir tarixi ədalətə və məntiqə sığmayan etnik cinayəti ilə bağlı bir ziyalı vətənpərvərliyi ilə səsləndirdiyi haqlı ittihamlar, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, professor Cəbi Bəhramovun Qərbi Azərbaycanın tarixi və mədəniyyətinin tədqiqi istiqamətində aparılan  elmi-kütləvi təbliğat işləri haqqında verdiyi məlumatlar konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

İğdır Universitetinin Fənn ədəbiyyatı fakültəsinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru Oğuz Şimşək Qərbi Azərbaycanın oğuz türklərinin ata-baba yurdu olması, soydaşlarımıza qarşı törədilən erməni vəhşilikləri, kəndlərimizin saxtakarlıqla erməniləşdirilməsi ilə bağlı yeni zəngin tarixi faktlara əsalnaraq çıxış etdi. Bu tarixi çıxış, türkiyəli alim-ziyalının jurnalistlərə müsahibəsi Qərbi Azərbaycana – əzəli oğuz-türk yurduna qaydışın, o torpaqları, dini-tarixi abidələri birgə ziyarətin artıq bir ümumtürk məramına, türkçülük ideyasına çevrildiyini təsdiq etdi.

Konfransın bölmə iclaslarındakı məruzələrdə səsləndirlən yeni elmi-tarixi faktlar, aktual müzakirə və diskussiyalar Qərbi Azərbaycana Qayıdış hərəkatının zəruriliyini elmi, tarixi və mədəni əsaslandırmaq baxımından əhəmiyyətli oldu. Konfransda Qərbi Azərbaycanın tarixi, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Qayıdış Konsepsiyasının reallaşdırılması ilə bağlı qarşıda duran vəzifələr və başlıca hədəflər müəyyənləşdirildi. Qərbi Azərbaycana həsr olunmuş son respublika elmi konfransı həm beynəlxalq, həm də respublika səviyyəli ictimai-siyasi tədbirlərin geniş vüsət alması bu əbədi və əzəli torpaqlarımız uğrunda mübarizənin dövlətçilik strategiyası ilə yanaşı ümummilli ideyaya, ümumxalq hərakatına çevrildiyini sübut etdi.

Onu da qeyd edək ki, Qərbi Azərbaycana qayıdış uğrunda məqsədyönlü elmi-ictimai fəaliyyətin elə ilk effektiv nəticələrini ermənilərin təşvişə düşməsində, bununla bağlı kütləvi şəkildə dezinformasiya işləri aparmasında da görmək olar. Mətbuatdan bildiyimiz kimi,  Ermənistan Milli Elmlər Akademiyasının Azərbaycan alimlərinin atdığı addımlardan təşvişə düşmələri, həmin qurumun rəhbəri Aşot Saqyanın ölkənin Təhlükəsizlik Şurasına müraciət etməsi buna ən bariz nümunədir. Ermənipərəst dairələr, xüsuilə media və şəbəkələr tərəfindən aparılan dezinformasiyalara digər nümunə: bu yaxınlarda amerikalı jurnalist Lindsi Snel və ona istinad edən Ermənistan mətbuatı Qərbi Azərbaycan İcmasının 2023-cü ilin noyabrında Naxçıvanda Qərbi Azərbaycanla bağlı festival keçirməsini və bunu müasir Ermənistan ərazisinə qayıtmaq yolunda addım adlandırmasına antiAzərbaycan münasibəti bldirdi. Materialda o da qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ATƏT PA-nın sədri Pia Qauma ilə görüşündə İrəvanı azərbaycanlıların Ermənistana qayıtmaq hüququnu rədd etməkdə ittiham edib

Elə həmin fake məlumatlarla dolu materialda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi də növbəti dəfə hədəfə alınıb. Mərkəz tarixi saxtalaşdırmaqla, ermənilərə qarşı əks-təbliğat aparmaqla məşğul olan ideoloji baza  kimi təqdim edilir. Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova bu tamamilə yanlış və manipulyativ yanaşmanı kəsərli və əsaslandırılmış şəkildə təkzib edərək bildirmişdir ki, ADPU-da pedaqoji yönümlü ali təhsil müəssisəsi olaraq, müəllimlərin, eyni zamanda böyüməkdə olan gənc nəslin Qərbi Azərbaycanla bağlı yalnız tarixi və elmi mənbələrə əsaslanaraq ətraflı məlumat almaları üçün  metodik materiallar təqdim edilməsi normal qəbul edilən bir  təhsil yanaşmasıdır. Burada tarixi sənədlərə əsaslanaraq Qərbi Azərbaycanın demoqrafik, etnoqrafik, mədəni və sosial strukturları araşdırılır. Bəhs olunan mərkəz elmi araşdırmalara söykənən həqiqətləri üzə çıxarır. Qərbi Azərbaycan həqiqətlərini müəllimlərə öyrətmək iddiasına gəlincə, təbii ki, burada müəllimlərə müəyyən istiqamət verilir. Ancaq bu istiqamət bir təbliğat deyil, tarixi həqiqətlərin düzgün təqdimidir və  gələcək nəsillərə öz tariximizi doğru çatdırmaq məqsədi daşıyır. “Erməni toponimlərinin dəyişdirilməsi”, “saxta xəritələr” kimi iddiaların tam əsassız olduğunu bildirən Mahirə xanım haqlı olaraq ictimaiyyətə bildirdi ki, “biz beynəlxalq elmi prinsiplərə əsaslanan işlər görürük və hər sənədimizə sübutlarla yanaşırıq”. Qərbi Azərbaycana qayıdışın həm tarixi, həm də hüquqi baxımdan haqqımız olduğunu, dünya ictimaiyyətinin də bu həqiqətləri bilməli olduğunu vurğulayan Mahirə xanım bir daha bəyan etdi ki, “...biz dinc və ləyaqətli formada öz yurdumuza qayıtmaq istəyirik. Bizi bu yoldan heç kim döndərə bilməz”. 

Bütün bunlar Qərbi Azərbaycanla bağlı keçirilən festival-konqreslərin, elmi konfransların mühüm tarixi, elmi-mədəni əhəmiyyət kəsb etdiyini bir daha sübüut edir.  Bu tədbirlərdəki çıxışların, məruzələrin toplu halında nəşri, burada yer alan tarixi, ədəbi-mədəni faktlar Qərbi azərbaycanlıların layiqli və ədalətli şəkildə öz yurdlarına qovuşmasını təmin edəcək, Qərbi Azərbaycana Qayıdış dövlət siyasətinə və ümummilli hərakatına mühüm töhfə olacaq. Naxçıvanda keçirilən “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” konfransı isə bu yekun qənaətə gəlməyə əsas verir ki, Qərbi Azərbaycan İcması Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmovun jurnalistlərə verdiyi müsahibəsində də vurğuladığı kimi, Qərbi Azərbaycana qayıdış prosesinin koordinasiya mərkəzi gələcəkdə Naxçıvan Muxtar Respublikası ola biləcək. Son respublika elmi konfransı bu qaydışa ilk olaraq elmi-siyasi şüur və təfəkkürdə nail olmaq, bu hüququ beynəlxalq prizmada, fundamental əsaslandırılmış şəkildə təsdiq etdirmək istiqamətində mühüm addım oldu. Eyni zamanda yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizin milli elm varidatını özundə cəmləşdirən Azərbaycan Milli Elmlər Akademiyamızın 80 illik yubileyinin uğurlu hesabatlarından biri də sayıla bilər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamında deyildiyi kimi, “Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir”.

Mehriban Sultan,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti