Qloballaşan dünyada aqrar sektorun dayanıqlılığı və rəqabət qabiliyyəti artıq yalnız istehsal həcmi ilə deyil, həm də bu sahədə risklərin effektiv idarə olunması, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və institusional yanaşmaların təkmilləşdirilməsi ilə müəyyən olunur. Xüsusilə heyvan sağlamlığının etibarlı şəkildə qorunması, epizootik təhlükələrin vaxtında aşkarlanaraq qarşısının alınması və baytarlıq xidmətlərinin müasir tələblər səviyyəsində təşkili dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi çıxış edir. Bu kontekstdə həyata keçirilən kompleks tədbirlər, sistemli profilaktik yanaşmalar və innovativ idarəetmə alətlərinin tətbiqi aqrar sahənin davamlı inkişafına zəmin yaradır.
Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin direktoru Yusif İbrahimov “İki sahil” qəzetinə müsahibəsində sözügedən istiqamətdə görülən işləri, mövcud reallıqları və perspektiv hədəfləri dəyərləndirir.
-Ölkədə heyvan xəstəliklərinin yayılma vəziyyəti hazırda necə qiymətləndirilir? Son illərdə hansı xəstəliklər xüsusi narahatlıq doğurub?
-Məlum olduğu kimi, ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə hər il epizootiya əleyhinə tədbirlər planı hazırlanır və icra olunur. Bu tədbirlərin vaxtında və keyfiyyətli icrası nəticəsində hazırda ölkə üzrə xüsusi təhlükəli xəstəliklərə dair epizootik vəziyyət sabitdir. Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkədə heyvan sağlamlığının təmin olunması və məhsuldarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, ötən il ölkədə heyvanlar arasında dabaq xəstəliyi ilə bağlı şübhəli hallar müşahidə edildi. Qeyd edilməlidir ki, dabaq xəstəliyinin mövcud 7 serotipindən 3-ü (O, A və Asiya-1) ölkəmiz üçün endemik hesab olunur. Lakin son illərdə Yaxın Şərqdə, xüsusilə Azərbaycan Respublikasının da daxil olduğu 3-cü hövzə ərazisində (Türkiyə Respublikası daxil olmaqla) dabaq xəstəliyinin SAT-1 serotipinin qeydə alınması müəyyən narahatlıq doğurub. Bununla belə, vaxtında və məqsədyönlü görülmüş profilaktik tədbirlər sayəsində ölkəmizdə epizootik vəziyyəti sabit saxlamaq mümkün olub. Agentlik tərəfindən təsərrüfatlarda mütamadı müşahidələr, sanitar-baytarlıq yoxlamaları və planlı peyvəndləmə aparılıb. Bu tədbirlər sayəsində yoluxma risklərini nəzərə alaraq, Aqrar Xidmətlər Agentliyi tərəfindən cari ilin təsdiq edilmiş "Epizootik tədbirlər planı"ndan kənar SAT-1 serotipinə qarşı iri və xırdabuynuzlu heyvanlara peyvənd vasitəsi tətbiq olunub. Həmçinin heyvan bazarlarında, sərhəd buraxılış məntəqələrində, diri heyvan idxal edən şirkətlərin tövlələrində dezinfeksiya işləri aparılıb.
Ümumilikdə, ölkədə heyvan xəstəliklərinin profilaktikası və erkən diaqnostikası yüksək səviyyədə təşkil olunub. Vətəndaşlardan da xahiş edirik ki, heyvanlarda xəstəlik müşahidə edildikdə dərhal fərdi baytarlıq praktikası ilə məşğul olan ərazi həkiminə və ya rayon baytarlıq idarələrinə müraciət etsinlər. Bu, həm heyvanların sağlamlığını qorumağa, həm də epidemik risklərin qarşısını almağa xidmət edir.
-Bruselyoz, nodulyar dermatit, dabaq və quduzluq kimi təhlukəli heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri və xəritələşdirmə necə aparılır? Bu məlumatların profilaktik tədbirlərin planlaşdırılmasına təsiri necədir?
-Bruselyoz, nodulyar dermatit, dabaq və quduzluq kimi təhlükəli heyvan xəstəliklərinə qarşı peyvəndləmə Azərbaycan Respublikasının epizootiya əleyhinə tədbirlər planı çərçivəsində həyata keçirilir. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Aqrar Xidmətlət Agentliyi tərəfindən profilaktik peyvəndləmə işləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Bu tədbirlər vaxtında və heyvan sıxlığına uyğun aparılır, riskli bölgələrdə intensivlik artırılır.
Hazırda 2026-cı il üçün təsdiq edilmiş tədbirlər planına uyğun profilaktiki peyvəndləmə işləri davam etdirilir. Bu yanaşma həm heyvanların sağlamlığının qorunmasına, həm də xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılmasının qarşısının alınmasına xidmət edir, eləcə də peyvəndləmənin daha məqsədyönlü və effektiv həyata keçirilməsinə imkan verir.
Müvafiq dövlət qurumu ilə birlikdə aparılmış monitorinqlər əsasında xəstəliklərin ölkə üzrə yayılması üzrə risk xəritəsi hazırlanır. Bu proses xəstəliklərin yayılmasının qarşısını almaq üçün profilaktikanın daha dəqiq və effektiv planlaşdırılmasına imkan verir.
Fürsətdən istifadə edərək fermer və sahibkarlara müraciət edirəm ki, heyvanları xüsusi təhlükəli xəstəliklərdən qorumaq məqsədilə vaxtında peyvənd etdirsinlər. Həmçinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə müraciət edərək göstərilən xidmətlərdən yararlansınlar. Heyvanların peyvənddən yayındırılması həm insanların, həm də heyvanların xüsusi təhlükəli xəstəliklərə yoluxması riskini artırır.
-Dövlət vəsaiti hesabına həyata keçirilən profilaktiki peyvəndləmə tədbirlərinin əhatə dairəsi nə qədərdir? Ucqar bölgələrdə heyvanların peyvəndlənməsi necə təmin olunur?
-Dövlət vəsaiti hesabına həyata keçirilən profilaktik peyvəndləmə tədbirləri respublikanın 64 rayonunu əhatə edir. Peyvəndləmə mülkiyyət formasından və təsərrüfatın böyüklüyündən asılı olmayaraq bütün təsərrüfatlarda saxlanılan heyvanlara tətbiq olunur.. Peyvəndləmə tədbirləri ərazilər üzrə fərdi baytarlıq praktikası fəaliyyəti ilə məşğul olan baytarlar tərəfindən xidmət müqaviləsi əsasında həyata keçirilir.
Həmçinin Aqrar Xidmətlər Agentliyi tərəfindən heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə regionlarda xidmət göstərəcək yeni baytarlıq klinikaların yaradılması və məhsuldar heyvanların klinikalara gətirilməsinin çətinliyi nəzərə alınaraq, səyyar baytarlıq xidmətinin göstərilməsi nəzərdə tutulur.. Bunun üçün xüsusi təmin olunmuş avtomobillərdə, sanitar və sterillik tələblərinə tam riayət edilməklə, müalicə və cərrahi əməliyyatlar aparılacaq.
Bundan əlavə, səyyar çimizdirmə qurğuları vasitəsilə heyvan rifahını qoruyan, daha qənaətcil və effektiv üsulla, həmçinin ətraf mühiti çirkləndirmədən ektoparazitlərə qarşı mübarizə nəzərdə tutulur. Eyni zamanda, müxtəlif səbəblərdən tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə yaratdığı riskləri minimuma endirmək üçün tezliklə mobil kremasiya qurğuları fermerlərin istifadəsində veriləcəkdir. Bu yanaşma ölkə üzrə epizootik sabitliyin qorunmasına imkan verir.
-Epizootik təhlükəsizliyin gücləndirilməsi məqsədilə hansı innovativ texnologiyalar (məsələn, peyk müşahidəsi, dronlar, ağıllı identifikasiya sistemləri) tətbiq olunacaq? Bu sistemlərin ölkə üzrə yayılması planlaşdırılırmı?
-Aqrar Xidmətlər Agentliyi innovativ və rəqəmsal idarəetməni genişləndirmək istiqamətində ardıcıl addımlar atır. Fermerlərin və təsərrüfatların məlumat bazası mərkəzləşdirilmiş sistem üzərində toplanır, bu isə həm şəffaflığı artırır, həm də qərarvermə proseslərini optimallaşdırır. Nəticədə kənd təsərrüfatı xidmətləri daha operativ və dəqiq fəaliyyət göstərir, resursların səmərəli istifadəsi təmin olunur. Agentlik bu istiqamətdə EKTİS-də baytarlıq modulunun təkmilləşdirilməsi ilə baytarlıq xidmətlərinin rəqəmsallaşdırımasına və real zamanda hesabatlılıq sisteminin yaradılmasını hədəfləyib və artıq işlərə başlanılıb.
Bundan əlavə, peyvəndləmə tədbirlərinin hesabatlılığı və heyvan xəstəlikləri ilə bağlı məlumatların ilkin mənbələrdən rəqəmsal sistemə ötürülməsi istiqamətində işlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə isə ilk dəfə aidiyyəti qurumlarla birgə helikopterlər vasitəsilə təbiətdəki vəhşi ətyeyən heyvanların quduzluq xəstəliyinə qarşı aldadıcı yemlərlə peyvəndlənməsi icra olunacaq.
Bu tədbirlər və texnoloji yeniliklər sayəsində Aqrar Xidmətlər Agentliyi baytarlıq xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, eyni zamanda, heyvan sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması və epizootik sabitliyin təmin edilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir.
Yaqut Ağaşahqızı, “İki sahil”