17 aprel 2026 19:00
150

Canını Vətənə fəda edən Osman

Ürəyi Vətən eşqi ilə döyünən və bu yolda 44 günlük haqq savaşımızda müqəddəs şəhidlik zirvəsinə ucalan qeyrətli oğlanlardan biri də Osman Bayramovdur. Osman Azərbaycanın hər qarışını özünə əziz bilib odlardan, alovlardan keçərək göstərdiyi igidliklə tarix yazıb. Bununla da cismən aramızdan getsə də, mənən qəlblərdə özünə əbədi məkan edib. Qanı bahasına torpağı Vətən edən igidin adı indi hər dəfə çəkiləndə bütün xalq ondan qürur duyur.

Nəsibi əzəmətli, möhtəşəm şəhidlik zirvəsindən gələcəyə boylanmaq olan Osman Zeyqəm oğlu Bayramov 1987-ci il fevralın 13-də Biləsuvar rayonunun Ağalı kəndində dünyaya göz açıb. Uşaqlıqdan zəhmətə alışıb, dürüstlüyü, mərdliyi onu el gözündə həmyaşıdları arasında üstün göstərib. Məktəbdə də yaxşı oxuyub, ən çox Osmanı düşündürən, narahat edən erməni dığalarının yurdumuza dadanması olub. Odur ki, orta təhsilini başa vuran yeniyetmə ordu sıralarına gedib. Əsgərliyi cəbhə bölgəsinə düşüb. Torpağa, Vətənə qəlbən bağlı olan Osman bunu özünə böyük şərəf sayıb. Xidmət zamanı fallığı, nizam-intizamı ona hörmət qazandırıb, qorxmazlığı, cəsarəti əsgər yoldaşlarına nümunə olub. Eləcə bir qayda olaraq qeyrəti, vicdanı Osmanı yağıdan qisas, intiqam almağa səsləyib və Qarabağı azad görmək arzusu ilə nəfəs alıb. Düşməndən alacağı öcü gözləyə-gözləyə Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirib doğmaların yanına qayıdıb.

Qaldı ki, Vətənin çətin günündə Osman özünə heç cür rahatlıq tapa bilməyib. Sinəsində döyünən ürəyi onu həmişə cəbhə bölgəsinə çəkib.

Qəlbi düşmən tapdağında qalan müqəddəs yurd yerimiz Qarabağı azad edilməsi istəyi ilə alışıb-yanan Osman Bayramov elə cəbhə bölgəsində müddətdən artıq xidmət qulluqçusu kimi işə başlayıb. Torpaqları qorumaqla böyük həvəslə, istəklə təlimlərə qatılıb. Əla döyüşçü keyfiyyətləri nümayiş etməklə tapşırılan bütün sınaqlardan uğurla çıxıb. Həmişə də məqamı gələndə Vətən yolunda canını fəda etməyə hazır olub. Bilib ki, qələbəyə gedən yol qan-qadanın üzərindən keçir. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.

Nəhayət, Osmanın gözlədiyi gün gəlib. Vətən müharibəsi başlayanda o, da minlərlə qeyrətli oğullar kimi odlu-alovlu səngərdə yerini alıb. Vətən torpaqlarının azadlığı uğrunda ölüm-dirim savaşları gedən ən qaynar nöqtələrdə döyüşüb. Göstərdiyi hünər, yağıya vurduğu sarsıdıcı zərbələr öz nəticəsini verib. Dığalar ağır itki verməklə geri çəkiliblər. Daha sonra Fizuli istiqamətində düz bir həftə boyunca düşmənin keçilməz sədrlərini dağıtmaqda ölümə belə meydan oxuyub. Ardıcıl olaraq Füzulinin bir neçə kəndlərinin alınmasında göstərdiyi qəhrəmanlıq, çətin mövqelərdən silahdaşlarının təxliyəsində riskli addımları onu bacarıqlı, səriştəli bir hərbiçi olaraq döyüşçülər arasında sevdirib. Oktyabrın 4-də isə Füzuli istiqamətində gedən ağır müharibə meydanında son nəfəsinə qədər vuruşub 33 yaşında şəhidlik zirvəsinə yüksəlib. Müqəddəs amal naminə canından keçən Osman Bayramov ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallar ilə təltif edilib.

Şəhidlik ən uca zirvədir. Buna sahib olanlar heç zaman ölmürlər. Biləsuvar elinin qəhrəman oğlu Osman Bayramov da belə.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü