17 aprel 2026 19:30
137

Pediatrdan xəbərdarlıq: Peyvəndsiz uşaqlar risk altındadır

 “İmmunlaşdırma həftəsi” niyə həlledicidir?

Aprelin 19-dan 25-dək Azərbaycanda keçiriləcək “İmmunlaşdırma həftəsi” ictimai sağlamlığın qorunması baxımından mühüm mərhələ kimi qiymətləndirilməlidir. Səhiyyə sisteminin əsas prioritet istiqamətlərindən biri olan profilaktik tədbirlərin gücləndirilməsi bu təşəbbüs çərçivəsində daha da aktuallaşır. Xüsusilə müxtəlif səbəblərdən vaxtında peyvənd olunmayan uşaqların yenidən vaksinasiya prosesinə cəlb edilməsi həm fərdi sağlamlığın, həm də ümumi epidemioloji təhlükəsizliyin təmin olunması baxımından vacib addımdır.

Səhiyyə naziri Teymur Musayevin tərəfindən imzaladığı müvafiq əmr yalnız texniki bir sənəd deyil, eyni zamanda, ölkədə immunlaşdırma siyasətinin davamlılığını və sistemli yanaşmanı əks etdirir. Bu sənəd çərçivəsində şəhər və rayonlarda vaksinasiyadan kənarda qalan uşaqların müəyyənləşdirilməsi, onların peyvəndlərə cəlb olunması, xüsusilə əhatə səviyyəsinin aşağı olduğu bölgələrdə monitorinqlərin aparılması nəzərdə tutulur. Bu isə onu göstərir ki, proses yalnız statistik göstəricilərlə kifayətlənmir, real vəziyyət yerində araşdırılır və məqsədyönlü tədbirlər həyata keçirilir.

Həm tibbi, həm də maarifləndirici missiya

İmmunlaşdırma həftəsinin əsas istiqamətlərindən biri də tibb müəssisələrinə metodiki dəstəyin göstərilməsidir. Bu, xüsusilə regionlarda fəaliyyət göstərən səhiyyə ocaqları üçün mühüm əhəmiyyət daşıyır. Çünki vaksinasiya prosesinin düzgün təşkili, peyvəndlərin saxlanma və tətbiq qaydalarına riayət olunması, valideynlərlə düzgün kommunikasiya qurulması kimi məsələlər yalnız tibbi deyil, eyni zamanda, maarifləndirici yanaşma tələb edir.

Maarifləndirmə komponenti bu təşəbbüsün ən vacib tərəflərindən biridir. Əhali arasında peyvəndlə bağlı bəzən yanlış təsəvvürlərin və tərəddüdlərin mövcud olduğu bir şəraitdə məlumatlandırıcı posterlərin, yaddaş vərəqələrinin hazırlanması və yayılması mühüm əhəmiyyət kəsb edir. Bu materiallar vasitəsilə valideynlərə peyvəndlərin əhəmiyyəti, onların təhlükəsizliyi və uşaqların sağlam inkişafındakı rolu daha aydın şəkildə çatdırılır. Nəticə etibarilə, bu cür maarifləndirmə tədbirləri peyvənddən imtina hallarının azalmasına və ümumi immunitet səviyyəsinin yüksəlməsinə xidmət edir.

Digər tərəfdən, “İmmunlaşdırma həftəsi” yalnız milli təşəbbüs deyil, eyni zamanda, beynəlxalq səviyyədə koordinasiya olunan kampaniyanın tərkib hissəsidir. 2006-cı ildən etibarən həyata keçirilən bu təşəbbüs çərçivəsində Avropa regionunun bir çox ölkələri kimi, Azərbaycan da aktiv iştirak edir. Bu isə ölkənin qlobal səhiyyə təşəbbüslərinə inteqrasiyasını və beynəlxalq öhdəliklərinə sadiqliyini nümayiş etdirir.

Ümumilikdə, “İmmunlaşdırma həftəsi” sadəcə bir həftəlik tədbirlər silsiləsi deyil, uzunmüddətli sağlamlıq strategiyasının tərkib hissəsidir. Bu təşəbbüs vasitəsilə həm mövcud boşluqlar aradan qaldırılır, həm də gələcəkdə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün dayanıqlı immunitet mühiti formalaşdırılır. Bu baxımdan həyata keçirilən tədbirlərin əhəmiyyəti yalnız bu gün üçün deyil, gələcək nəsillərin sağlamlığı üçün də strateji dəyər daşıyır.

Valideyn tərəddüdü bəzən viruslar üçün fürsətə çevrilir

Pediatr Gülnar Abdullayeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, peyvənd olunmayan uşaqların immunlaşdırılması son dərəcə vacibdir: “Müxtəlif səbəblər – uşağın xəstələnməsi, tibbi əks göstərişlər və ya valideynlərin qərarı nəticəsində peyvənddən kənarda qalan uşaqlar “İmmunlaşdırma həftəsi” çərçivəsində yenidən vaksinasiya prosesinə cəlb olunurlar. Bu isə onların sağlamlığının qorunması baxımından mühüm addımdır. Peyvəndlər orqanizmdə infeksion xəstəliklərə qarşı immunitetin formalaşmasına xidmət edir. Bu proses nəticəsində uşağın orqanizmində spesifik anticisimlər yaranır və gələcəkdə həmin xəstəliklərə qarşı davamlılıq artır. Son illərdə müşahidə etdiyimiz kimi, xüsusilə qızılca hallarının artması məhz tam peyvənd olunmayan uşaqlar arasında daha çox rast gəlinir. Bu da bir daha göstərir ki, vaksinasiya yalnız fərdi deyil, ictimai sağlamlıq baxımından da böyük əhəmiyyət daşıyır”.

Gec deyil, yenə də effektlidir

Pediatr gecikmiş vaksinasiya ilə bağlı qeyd etdi ki, bu, əksər hallarda problem yaratmır və effektiv hesab olunur: “Bəzi peyvəndlər üçün konkret vaxt aralıqları mühüm olsa da, hər hansı səbəbdən vaxtında aparılmayan peyvəndlərin sonradan tətbiqi yenə də faydalıdır və uşağın qorunmasına xidmət edir. Valideynləri narahat edən əsas məsələlərdən biri də peyvəndlərin mümkün yan təsirləridir. Əgər peyvəndlər düzgün şəraitdə – yəni “soyuq zəncir” qaydalarına uyğun saxlanılıb və tətbiq olunubsa, onların ciddi fəsad yaratma ehtimalı son dərəcə aşağıdır. Ən çox müşahidə olunan reaksiyalar yüngül qızdırma, inyeksiya yerində qızartı və ya narahatlıq hissidir ki, bunlar da qısa müddətdə keçib gedir. Bəzi valideynlər arasında peyvəndlərin autizmə səbəb olması ilə bağlı narahatlıqlar mövcuddur. Lakin bu iddiaların heç biri elmi cəhətdən sübuta yetirilməyib və müasir tibb tərəfindən təsdiqlənmir”.

Valideynlərə açıq çağırış…

G. Abdullayevanın valideynlərə ən vacib mesajı budur ki, uşaqların sağlamlığını qorumaq üçün peyvəndlərdən imtina etməyin: “Vaxtında və düzgün şəraitdə aparılan vaksinasiya uşaqları təhlükəli xəstəliklərdən qoruyan ən effektiv vasitələrdən biridir. Hazırda ölkəmizdə tətbiq olunan peyvəndlər yüksək keyfiyyət standartlarına cavab verir və müasir texnologiyalar əsasında hazırlanır. Bu imkandan mütləq istifadə etmək lazımdır”.

Nigar Orucova, "İki sahil"