18 aprel 2026-cı ildə Yer kürəsində G1 səviyyəli maqnit fırtınası başlayıb. “İki sahil” Zakon.kz-a istinadla xəbər verir ki, aktiv dövr bir neçə gün, ümumi geomaqnit qeyri-sabitliyi isə bir həftəyə qədər davam edə bilər.
Hazırda maqnit fırtınası ən aşağı G1 səviyyəsində qeydə alınıb. Geomaqnit vəziyyətinin qeyri-sabitliyinin təxminən bir həftə davam etməsi ehtimalı var. Ən aktiv dövr isə növbəti 1-2 günə, yəni həftəsonuna təsadüf edəcək. Bu zaman qısamüddətli intensivləşmə G2 səviyyəsinə çata bilər. Lakin, Rusiya Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri bildiriblər ki, daha güclü fırtınalar ehtimalı azdır.
Axşam saatlarında səma aydın olarsa, qütb parıltıları müşahidə edilə bilər. Bu fenomen xüsusilə şimal və şimal-qərb bölgələrində görünə bilər. Lakin onun görünürlüyü geomaqnit aktivliyinin dəqiq səviyyəsindən asılı olacaq.
Qeyd etmək lazımdır ki, bu, aprel ayında baş verən ikinci maqnit fırtınasıdır. Birincisi ayın əvvəlində qeydə alınıb və olduqca güclü olub - G3 səviyyəsinə yaxınlaşıb. Ümumiyyətlə, alimlər qeyd ediblər ki, bu il geomaqnit hadisələrinin sayına görə son illərdə ən aktiv dövrlərdən biridir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”