Sahibkarlarla keçirilmiş görüşdə heyvandarlığın inkişafı, güzəştli kreditlərin alınması, satımalmalarda KOB-ların iştirakı, tikiş müəssisəsinə peşəkar mütəxəssislərin cəlb edilməsinə dəstək məsələləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlarla görüş keçirilib. Məqsəd rayonda sahibkarlığın inkişafına dair biznes subyektlərinin təklif və ehtiyaclarının öyrənilməsi, həmçinin dövlətin mövcud dəstək mexanizmləri barədə onların məlumatlandırılmasıdır.
Tədbirdə kənd təsərrüfatı, arıçılıq, ictimai iaşə, bağçılıq sahələrində fəaliyyət göstərən 70-ə yaxın biznes subyekti, eləcə də sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlığın inkişafı, dövlətin dəstək mexanizmləri və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, İsmayıllı rayonunda dağlıq və dağətəyi ərazilərin üstünlük təşkil etməsi kənd təsərrüfatı və turizm üçün əlverişli şərait yaradır. Bağçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, arıçılıq və tərəvəzçilik İsmayıllının iqtisadi profilini formalaşdıran aqrar sahələrdir. Emal yönümlü istehsal kənd təsərrüfatı məhsullarının ilkin və qismən dərin emalı üzərində formalaşıb, rayonda sənaye və ticarət sahələri də inkişaf edir.
Qeyd edilib ki, rayonun mövcud imkanlarından istifadə etməklə aqrar məhsulların toplanması, saxlanması, emalı və digər regionlara daşınması istiqamətində biznes təşəbbüslərinin inkişaf etdirilməsi, yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üçün kiçik emal və xidmət təşəbbüslərinə üstünlük verilməsi, müasir texnologiyaların və səmərəli idarəetmə üsullarının tətbiqi ilə məhsuldarlığın artırılması, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və dövlətin mövcud dəstək mexanizmlərindən fəal istifadə sahibkarlıq fəaliyyətinin genişlənməsinə və yeni imkanların yaranmasına xidmət edəcəkdir.
Görüşdə sahibkarların heyvandarlıq sahəsinin genişləndirilməsinə dəstək, güzəştli kreditlərin alınması, satımalma prosesində KOB-ların iştirakı, tikiş müəssisəsinə mütəxəssislərin cəlb edilməsinə dəstək və s. kimi istiqamətlərdə müraciətləri dinlənilib, sualları cavablandırılıb.