28 aprel 2026 12:05
158

Forum çərçivəsində xarici ölkələrin aqrar sahədəki nazirlərinin birgə iştirakı ilə konfrans təşkil ediləcək - Anar Cəfərov

19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna müxtəlif ölkələrdən nazirlərin, nazirliklərin tabeliyindəki qurumların qatılacağı gözlənilir.

Bunu Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

A.Cəfərov bildirib ki, Forum çərçivəsində xarici ölkələrin aqrar sahədəki nazirlərinin birgə iştirakı ilə konfrans təşkil ediləcək: "Bu da bir ilkdir. Bu il sərgilərə rekord sayda xarici rəsmi nümayəndələrin qatılacağı gözlənilir". A.Cəfərov vurğulayıb ki, xarici ölkə nümayəndələri və yerli şirkətlərlə yanaşı, bu il sərgidə Azərbaycanın bölgələri də aktiv şəkildə təmsil olunacaq. Ziyarətçilər sərgilər çərçivəsində bölgələrin aqrar və qida sahəsindəki imkanları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Nazirlik rəsmisi diqqətə çatdırıb ki, sərgilərin təqdimat zonasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bir sıra forumlar keçiriləcəkdir: "3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, Risklərə Qarşı Aqrar Sığortanın Gücü Forumu, Dövlət–özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu, "AGROSCIENCE" Forumu. Daha bir tədbir isə sərgilər çərçivəsində “Baku Marriott Hotel Boulevard” hotelində baş tutacaq 5-ci Aqrobiznesin İnkişafı Forumudur."

Qeyd edək ki, 5-8 may tarixlərində Bakıda “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi və eləcə də, “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.

Orxan Vahidoğlu, "İki sahil"