29 aprel 2026 12:34
116

KOB subyektləri məhz inkluziv artımın və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır

"Mart ayının 19-da Gəncə şəhərində sayca 5-ci KOB evi sahibkarlarımızın istifadəsinə verildi. Qeyd etmək istərdim ki, indiyə qədər KOB evlərində 1,5 milyondan artıq xidmət göstərilib. KOB evinin rəqəmsal modeli olan e-KOB evi portalından da artıq istifadə etmək mümkündür."

“İki sahil” xəbər verir ki,  bu fikirləri İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Mmmədov deyib.

O.Məmmədov bildirib ki, həyata keçirilmiş ictimai sorğular və müstəqil reytinq qiymətləndirməsi zamanı KOBİA-nın yüksək mövqelər əldə etməsində bizneslərin rəyləri mühüm rol oynayıb: "Bir daha bu illər ərzində göstərdiyiniz etimada və əməkdaşlığa görə hər birinizə təşəkkür edirəm. Bugünkü konfransımız “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” başlığı altında keçirilir. Güclü sahibkarlıq mühiti inkluziv və innovativ iqtisadi inkişafla mümkündür. KOB subyektləri məhz inkluziv artımın və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır."