Ekspert: İmmuniteti gücləndirmək məqsədilə qəbul edilən əlavələr hər kəsdə eyni effekt vermir
Müasir dövrdə sürətli həyat tərzi, qeyri-müntəzəm qidalanma və ekoloji amillər insanların gündəlik rasionunda müəyyən boşluqların yaranmasına səbəb olur. Bu boşluqları aradan qaldırmaq üçün isə getdikcə daha çox insan bioloji aktiv qida məhsullarına (BAQM) müraciət edir. Apteklərdə və ticarət şəbəkələrində geniş şəkildə təklif olunan bu məhsulların faydaları barədə müxtəlif fikirlər səslənsə də, onların düzgün istifadəsi, real təsir imkanları və mümkün riskləri ətrafında suallar hələ də aktuallığını qoruyur. Mütəxəssislər isə mövzu ilə bağlı vurğulayırlar ki, bioloji aktiv qida məhsulları yalnız düzgün yanaşma və tibbi əsaslandırma olduqda effektiv nəticə verə bilər.
Gündəlik qidalanmanın boşluqlarını dolduran vasitə, amma heç vaxt onun yerini tutmayan seçim

Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən "Refresh Group" MMC-nin baş icraçı direktoru Seymur Qafarov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bioloji aktiv qida məhsulları gündəlik qidalanmanı zənginləşdirərək orqanizmin vitamin, mineral və digər vacib maddələrə olan ehtiyacını qismən qarşılayır. Bununla belə, onlar heç vaxt əsas qidalanmanı əvəz etmir və yalnız tamamlayıcı rol oynayır. BAQM-lardan istifadə əsasən müəyyən hallarda qida çatışmazlığı, hamiləlik, yaşlılıq dövrü, intensiv fiziki fəaliyyət və ya bəzi xəstəlik riskləri zamanı daha məqsədəuyğun hesab olunur.
Bu məhsulların əsas faydalarından biri vitamin və mineral çatışmazlığının aradan qaldırılmasına kömək etməsidir. Kalsium, D vitamini, fol turşusu və B12 kimi maddələr sümük sisteminin möhkəmlənməsində, sinir sisteminin normal fəaliyyətində və qan dövranının düzgün tənzimlənməsində mühüm rol oynayır. Eyni zamanda, omega-3 yağ turşuları, probiotiklər və müxtəlif antioksidantlar immun sistemini dəstəkləyərək orqanizmin müdafiə mexanizmlərini gücləndirir.
BAQM-lar enerji mübadiləsinə də müsbət təsir göstərir. Amin turşuları və fermentlər qidanın daha yaxşı mənimsənilməsinə şərait yaradır, bu da xüsusilə aktiv həyat tərzi keçirən insanlar üçün əhəmiyyətlidir. Yaş artdıqca orqanizmdə baş verən dəyişikliklər fonunda bu cür əlavələr sümük möhkəmliyinin qorunmasına, yaddaşın dəstəklənməsinə və ürək-damar sisteminin fəaliyyətinin yaxşılaşdırılmasına kömək edə bilər.
Təsadüfi qəbul yox, ehtiyaca əsaslanan yanaşma
Ekspert onu da əlavə etdi ki, bu məhsulların istifadəsi xüsusilə bəzi hallarda tövsiyə olunur. Əgər laborator analizlər nəticəsində dəmir, D vitamini və ya B12 kimi maddələrin çatışmazlığı müəyyən olunarsa, BAQM-lar həkim məsləhəti ilə istifadə edilə bilər. İntensiv idman və ya fiziki yüklənmə zamanı enerji balansının qorunması və əzələlərin bərpası üçün zülal və amin turşusu tərkibli əlavələrdən yararlanmaq mümkündür. Bundan əlavə, osteoporoz, ürək-damar xəstəlikləri və bağırsaq mikroflorasının pozulması kimi hallarda profilaktik məqsədlə də bu məhsullardan istifadə oluna bilər.
Lakin BAQM-ların istifadəsi zamanı bəzi risklər və diqqət edilməli məqamlar da nəzərə alınmalıdır. Dozadan artıq qəbul bəzi hallarda toksik təsir göstərə bilər. Məsələn, D vitamini və dəmirin həddindən artıq qəbulu orqanizm üçün zərərli ola bilər. Həmçinin allergik reaksiyalar və mədə-bağırsaq pozğunluqları kimi yan təsirlər də mümkündür. Müxtəlif dərmanlarla qarşılıqlı təsir riski də unudulmamalıdır; məsələn, qan durulaşdırıcı preparatlarla birlikdə omega-3 istifadəsi qanaxma ehtimalını artıra bilər. Digər mühüm məsələ isə məhsulun keyfiyyətidir. Yəni etibarsız mənbələrdən əldə olunan BAQM-lar ağır metallar və zərərli qatqılar ehtiva edə bilər.
Bir sözlə, bioloji aktiv qida məhsulları düzgün və nəzarətli istifadə edildikdə sağlamlığa fayda verə bilər. Ancaq onların qəbuluna başlamazdan əvvəl mütəxəssisə müraciət etmək və fərdi ehtiyacları nəzərə almaq vacibdir.
Nigar Orucova, "İki sahil"