01 may 2026 13:21
124

AÇG üzrə xərclər bu ilin birinci rübündə 500 milyon dollara yaxınlaşıb

2026-cı ilin birinci rübü ərzində "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə fəaliyyətlərə təqribən 134 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 363 milyon dollar əsaslı məsrəflər xərclənib.

Bu barədə “İki sahil” BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı birinci rüb ərzində davam edib.

“Rüb ərzində həmçinin “Dərinsulu Günəşli” ərazisində bir çox quyularda sualtı müdaxilə proqramı çərçivəsində dəniz əməliyyatları davam etmişdir. Bu əməliyyatların bir hissəsi olaraq ilk quyuda sualtı müdaxilə işi uğurla tamamlanıb və quyu lazımı məlumatlar toplandıqdan sonra yenidən suvurma fəaliyyətini davam etdib”, - hesabatda qeyd olunur.

2026-cı ilin birinci rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (19 500), Mərkəzi Azəri (89 800), Qərbi Azəri (74 800), Şərqi Azəri (43 900), Dərinsulu Günəşli (47 700), Qərbi Çıraq (22 600) və ACE (26 700) platformalarından birlikdə – gündə orta hesabla 325 000 barel və ya ümumilikdə təxminən 29 milyon barel, yəni 4 milyon ton olub.

Bildirilir ki, rübün sonunda AÇG-də ümumilikdə 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub. Hesabat dövründə AÇG-də 2 neft hasilatı quyusu, 3 su injektoru və 1 qaz injektoru quyusu qazılıb tamamlanıb.