“İki sahil” hesabata əsasən xəbər verir ki, cari ilin ilk üç ayı ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalı, həmçinin Neft Daşları vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr olmaqla ümumilikdə 1 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil olunan səmt qazının qalan hissəsi isə təzyiqin saxlanılması məqsədilə yenidən kollektora vurulub.
Bununla yanaşı, AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə sərbəst təbii qazla bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılaraq mövcud Qərbi Çıraq platformasından təhlükəsiz şəkildə qazılıb. Qeyd edilir ki, bu quyu qiymətləndirmə baxımından xüsusi əhəmiyyət daşıyır və əldə edilən məlumatlar AÇG-də sərbəst təbii qaz ehtiyatlarının işlənməsi üzrə gələcək planlaşdırmaya töhfə verəcək.
Məlumata görə, qazma işləri 2025-ci ildə uğurla başa çatdırılıb və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet lay dəstinə – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı laylara çıxış təmin edilib.
Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib və bu laydan ilk hasilatın 2026-cı ilin ikinci yarısında başlanması planlaşdırılır. Eyni zamanda, Qırmakıaltı lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğu müəyyən edilib. Bu laydan ilkin hasilatın 2026-cı ilin birinci yarısında həyata keçirilməsi nəzərdə tutulur.
Hesabatda qeyd olunur ki, ilkin mərhələdə hasilat və sınaq işləri aparıldıqdan sonra quyu yenidən tamamlanacaq və ilin ikinci yarısından etibarən əsas hasilat daha dayaz laydan davam etdiriləcək.