01 may 2026 16:24
140

Beynəlxalq Telekommunikasiya İttifaqının Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BİT) ekspertləri, o cümlədən innovasiya ekosisteminin fəal üzvlərinin iştirakı ilə  BTİ Regional Akselerasiya Mərkəzinin gələcək faəliyyətinə dair onlayn görüş baş tutub. Görüş zamanı Mərkəzin məqsədləri, missiyası, idarəetmə modeli və funksional istiqamətləri üzrə ekosistem iştirakçılarının rəyləri toplanılıb və geniş fikir mübadiləsi aparılıb.

“İki sahil” xəbər verir ki, BTİ Regional Akselerasiya Mərkəzinin əsas prioritetləri startapların, biznes subyektlərinin, dövlət qurumları və təhsil müəssisələrinin əməkdaşlığı vasitəsilə innovativ sahibkarlıq potensialının gücləndirilməsi, ekosistemdə bilik və təcrübə mübadiləsinin, eləcə də beynəlxalq şəbəkələşmənin təşviq edilməsi kimi müəyyənləşdirilib.

BTİ Regional Akselerasiya Mərkəzinin MDB bölgəsində ilk olaraq Azərbaycanda açılması da müstəsna əhəmiyyət kəsb edir. Bakıdakı Mərkəz Cənubi Qafqaz və Mərkəzi Asiyanın innovativ ekosistemlərinin əməkdaşlığını gücləndirəcək, bu xüsusda startaplar, KOB-lar, böyük şirkətlər, dövlət qurumları, universitetlər, tədqiqatçılar, investor və QHT-lərin regional innovasiya layihələrinə inteqrasiyasını sürətləndirəcək. Bununla yanaşı, innovasiya ekosistemində bazar və maliyyə əlçatanlığı, infrastruktur imkanları və insan kapitalının inkişafı təşviq ediləcək.

Qeyd edək ki, BTİ-nin Regional Akselerasiya Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan BTİ arasında strateji əməkdaşlıq çərçivəsində 2025-ci ildə təsis edilib.