13 may 2026 10:50
496

Həm müəllim, həm də idmançı təcrübəmi gənc nəslin formalaşmasına yönəltməkdən qürur duyuram

Müəllimlik sadəcə bir peşə deyil, insanın insanı formalaşdırdığı ən incə və məsuliyyətli sənətdir. Bu sənətin mərkəzində nə yalnız lövhə, nə dərslik, nə də qaydalar dayanır. Əsas yeri öyrətməyi seçmiş bir insanın səbri, diqqəti və məsuliyyət hissi tutur. Müəllim hər gün eyni sinif otağına daxil olur, lakin hər dəfə fərqli bir dünyaya addım atır. Çünki hər şagird ayrı bir xarakter, ayrı bir düşüncə və ayrı bir gələcək ehtimalıdır. Bu ehtimallara yol açmaq isə yalnız biliklə deyil, həm də həssas yanaşma və diqqətlə mümkündür. Bu peşənin görünən tərəfi dərs deməkdirsə, görünməyən tərəfi daim hazır olmaqdır — izah etməyə, təkrar etməyə və lazım gəldikdə yenidən başlamağa. Müəllimlik çox vaxt dərs saatlarından kənarda da davam edən bir məsuliyyətdir. Məhz bu səbəbdən müəllimlik görünməyən, amma hiss edilən bir zəhmətin adıdır. Bu zəhmətin daşıyıcılarından biri də öz peşəsini həyat missiyası kimi qəbul edən müəllimlərdir.

Elə bu dəfə müsahibə apardığımız pedaqoq da bu yanaşmanı öz fəaliyyətində yaşadan müəllimlərdəndir. Bakı şəhəri, Nizami rayonunda yerləşən 242 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Asəf Mehdiyev 14 ildir pedaqoji fəaliyyətdədir. O, idmanı təkcə fiziki hazırlıq kimi deyil, həm də şagirdlərdə intizam, iradə və komanda ruhu formalaşdıran bir tərbiyə vasitəsi kimi təqdim edir. Bu illər ərzində o, hər bir şagirdə fərdi yanaşmanı əsas götürərək idmanı tədris prosesinin ayrılmaz hissəsinə çevirməyə çalışıb. Onun fəaliyyəti idman və müəllimliyin bir-birini tamamladığı pedaqoji yanaşma kimi xarakterizə olunur. Bu istiqamətdə apardığımız müsahibədə müəllimin peşə yoluna, işə yanaşmasına və şagirdlərlə qurduğu münasibətə aydınlıq gətirəcəyik.

Müsahibəyə keçməzdən əvvəl isə Asəf müəllimin pedaqoji fəaliyyəti ərzində əldə etdiyi uğurlara qısa nəzər salmaq istərdik. 10 may 1985-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olan Asəf Mehdiyev 2002-ci ildə İmişli şəhər İ. Səfərov adına Yalavac kənd orta məktəbini bitirib. 2003–2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 2005-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub, 2010-cu ildə həmin ali təhsil müəssisəsini bitirib. 2012-ci ildən etibarən pedaqoji fəaliyyətə başlayan A. Mehdiyev müxtəlif illərdə Bakı şəhərində bir sıra təhsil müəssisələrində fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərib. 2017-ci ilin sentyabr ayından etibarən isə Bakı şəhəri Nizami rayonunda yerləşən 242 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışır. Eyni zamanda, “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramı üzrə təlimçi müəllimdir. Peşəkar idman karyerası 2006–2015-ci illəri əhatə edir. Bu dövrdə o, Azərbaycan atletika yığma komandasının üzvü kimi çıxış etmiş, 16 dəfə Azərbaycan çempionu, 9 dəfə Bakı şəhər çempionu, 4 dəfə Azərbaycan kubokunun qalibi olmuşdur. Beynəlxalq arenada isə Avropa kuboku yarışlarında (Malta, Slovakiya, İslandiya, Gürcüstan) ölkəni təmsil etmiş, 3000 metr maneələrlə qaçış üzrə “Bakı 2015” I Avropa Oyunlarının finalçısı olmuşdur. Eyni zamanda Türkiyə, Belarus və Efiopiyada keçirilən beynəlxalq yarımarafon və kross yarışlarında mükafatçılar sırasında yer almışdır. Asəf Mehdiyev 1-ci dərəcəli atletika hakimi və “D” kateqoriyalı futbol məşqçisidir. O, həmçinin “TOPs Master Trainer”, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OSEP)” üzrə ekspert, “Shuttle Time Teachers Course” və inklüziv fiziki tərbiyə proqramları üzrə beynəlxalq təlimlərin iştirakçısıdır. Pedaqoji fəaliyyət dövründə bir sıra nüfuzlu təltiflərə layiq görülmüşdür. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsinin Fəxri Fərmanı (2019), Bakı Şəhər Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı (2022), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Fəxri Fərmanı və digər yerli və beynəlxalq təşəkkürnamələr onun fəaliyyətinin yüksək qiymətləndirildiyini göstərir. O, həmçinin “Ən yaxşı açıq dərs” müsabiqəsinin qalibidir.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz və müəllimlik yoluna necə başladınız?
-Belə təqdim edərdim ki, mən Asəf Mehdiyev, Nizami rayonu 242 nömrəli tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm. Eyni zamanda, “Fiziki tərbiyə fənninin tədrisi metodikası” üzrə təlimçi, “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsinin təlimçisi kimi müəllimlərin peşəkar inkişafı istiqamətində də çalışıram. İdman sahəsində isə atletika üzrə onaltıqat Azərbaycan çempionu, dəfələrlə Azərbaycan kubokunun qalibi, Bakı şəhər çempionu olmuşam. Bundan əlavə, 2015 Avropa Oyunları finalçısı, 4 Avropa kubokunun iştirakçısı, müxtəlif beynəlxalq yarışların qalib və mükafatçısı olmuşam.
Müəllimlik yoluna gəlməyimdə idmanın həyatımda böyük rolu olub. Peşəkar idmanla məşğul olduğum illərdə valideynlərimin də tövsiyəsi və dəstəyi məndə müəllimliyə qarşı xüsusi maraq formalaşdırdı. Zaman keçdikcə şagirdlərlə işləmək, onların inkişafına töhfə vermək, idmana və sağlam həyata maraq oyatmaq mənim üçün sadəcə peşə deyil, böyük mənəvi zövqə çevrildi. Bu gün həm müəllim, həm də idmançı təcrübəmi gənc nəslin formalaşmasına yönəltməkdən qürur duyuram.

-Fiziki tərbiyə müəllimi olmağa sizi yönləndirən əsas səbəblər nələr olub, bu peşə sizin üçün nə ifadə edir və uğurlu fiziki tərbiyə müəllimi olmaq üçün ən vacib hesab etdiyiniz keyfiyyətlər hansılardır?
-Daha əvvəl də qeyd etdiyim kimi, fiziki tərbiyə müəllimi olmağımda əsas motivasiya valideynlərimin dəstəyi və yönləndirməsi olub. Peşəkar idmanla məşğul olduğum dövrdə bu sahəyə marağım daha da artdı və zaman keçdikcə müəllimliyin mənim üçün yalnız bir peşə deyil, həm də məsuliyyətli və şərəfli bir missiya olduğunu anladım. Fiziki tərbiyə müəllimliyi mənim üçün sadəcə dərs keçmək deyil. Bu peşə şagirdlərin sağlam ruhda böyüməsi vətənpərvərlik ruhunun formalaşdırılması, milli-mənəvi dəyərlərə hörmət, onların fiziki və mənəvi inkişafına töhfə vermək, sağlam həyat tərzini aşılamaq deməkdir. Müəllim şagird üçün həm nümunə, həm motivasiya mənbəyi, həm də düzgün istiqamət göstərən şəxs olmalıdır. Düşünürəm ki, uğurlu fiziki tərbiyə müəllimi olmaq üçün ilk növbədə bu peşəni sevmək və görülən işdən zövq almaq lazımdır. Müəllim çox səbirli olmalı, şagirdlərlə düzgün ünsiyyət qurmağı bacarmalı və onları səmimi şəkildə sevməlidir. Bununla yanaşı, müəllim daim öz üzərində çalışmalıdır. Bu inkişaf yalnız nəzəri və metodiki biliklərlə məhdudlaşmamalı, həm də fiziki hazırlığı əhatə etməlidir. Çünki fiziki tərbiyə müəllimi tədris etdiyi hərəkətləri ilk növbədə özü düzgün şəkildə nümayiş etdirməyi bacarmalıdır. Eyni zamanda, fiziki tərbiyə müəlliminin xarici görünüşü, intizamı və həyat tərzi də onun peşəsinə uyğun olmalıdır. Şagird müəllimə baxanda idman müəllimi obrazını hiss etməli, onu örnək kimi qəbul etməlidir. Hesab edirəm ki, müəllim bütün bu keyfiyyətləri özündə birləşdirə bildikdə fəaliyyətində daha böyük uğur qazanır.

 -İlk müəllimlik təcrübənizi necə xatırlayırsınız?
-Düzü, ilk müəllimlik təcrübəmi xatırlayanda onu indiki təcrübəmlə müqayisə edirəm və illər ərzində nə qədər inkişaf etdiyimin fərqinə daha aydın şəkildə varıram. İlk dərslərimdə müəyyən həyəcan və məsuliyyət hissi daha çox idi. Çünki peşəkar idmançı kimi yarış meydanlarında böyük təcrübəm olsa da, şagird qarşısında müəllim kimi dayanmaq tamam fərqli bir məsuliyyət tələb edirdi. İlk dövrlərdə əsas məqsədim şagirdlərə yalnız fiziki hərəkətləri öyrədərək inkişaf etdirmək idi. Lakin zaman keçdikcə anladım ki, müəllimlik bundan qat-qat geniş anlayışdır. Şagirdin psixologiyasını anlamaq, ona düzgün yanaşmaq, motivasiya vermək, kollektivdə sağlam mühit yaratmaq müəllimin ən vacib vəzifələrindəndir.

 -İdman sahəsindəki şəxsi təcrübəniz dərs prosesinə necə təsir göstərir?
-Əslində, idmançı kimi qazandığım uğurlar və illərlə topladığım təcrübə müəllimlik fəaliyyətimə çox müsbət təsir göstərib. Peşəkar idmanın içindən gəlməyim dərs prosesində həm nəzəri bilikləri, həm də praktik bacarıqları daha düzgün və real şəkildə şagirdlərə çatdırmağa imkan yaradır. Şagirdlər də müəllimin bu sahədə real təcrübəyə malik olduğunu gördükdə dərsə maraqları və inamları daha da artır. İdman mənə intizam, məsuliyyət, səbir, mübarizlik və məqsədə doğru çalışmağı öyrədib. Bu keyfiyyətləri bu gün dərslərimdə şagirdlərə aşılamağa çalışıram. Buna görə də dərslərdə yalnız normativlərin yerinə yetirilməsinə, fiziki hərəkətlərin icrasına, estafetlərin təşkilinə, komandalı oyunların keçirilməsinə deyil, şagirdlərin motivasiyasına, özünəinamının formalaşmasına və sağlam düşüncə tərzinə də xüsusi diqqət yetirirəm. Eyni zamanda, şəxsi idman təcrübəm təhlükəsizlik məsələlərinə daha həssas yanaşmağıma da kömək edir. Çünki idmanda ən kiçik yanlış yanaşmanın belə hansı nəticələrə səbəb ola biləcəyini praktik olaraq görmüşəm. Bu səbəbdən dərslərdə hər bir hərəkətin düzgün icrası, fiziki yükün şagirdin yaş və hazırlıq səviyyəsinə uyğun seçilməsi və təhlükəsizlik qaydalarına əməl olunması mənim üçün prioritet məsələlərdəndir. Düşünürəm ki, müəllimin şəxsi nümunəsi fiziki tərbiyə fənnində çox böyük rol oynayır. Şagird müəllimin həyat tərzinə, davranışına və fiziki hazırlığına baxaraq motivasiya alır. Bu baxımdan, idman sahəsindəki təcrübəmin müəllimlik fəaliyyətimdə mühüm üstünlüklər yaratdığını düşünürəm.

-Müəllimlik fəaliyyətinizdə ən çox yadda qalan və sizi qürurlandıran hadisə nə olub?
-Mən hesab edirəm ki, müəllimin ən böyük uğuru yetişdirdiyi şagirdlərdir. Əgər şagird sağlam düşüncəli, intizamlı, vətənpərvər və faydalı bir insan kimi formalaşırsa, bu müəllim üçün ən böyük qürur mənbəyidir. Yadda qalan məqama gəldikdə isə, düzü, fiziki tərbiyə elə bir fəndir ki, demək olar hər dərs özünəməxsus və maraqlı keçir. Bu səbəbdən xüsusi olaraq yalnız bir hadisəni seçmək mənim üçün çətindir. Çünki hər dərsdə fərqli emosiyalar, fərqli situasiyalar və şagirdlərlə bağlı yadda qalan anlar olur. Mənim üçün ən vacib məqamlardan biri odur ki, şagirdlər dərsə maraqla yanaşsın, fiziki tərbiyəni sadəcə bir fənn kimi deyil, sağlam həyatın vacib hissəsi kimi qəbul etsinlər. Düşünürəm ki, müəllim üçün ən gözəl və yaddaqalan hiss də məhz budur.

-Şagirdlərdə idmana maraq və sağlam həyat tərzi formalaşdırmaq üçün hansı üsullardan istifadə edirsiniz?
-Sağlam həyat tərzi, düzgün qidalanma və fiziki aktivliyin əhəmiyyəti haqqında şagirdlərlə mütəmadi söhbətlər aparıram. Dərs ilinin əvvəlində proqram üzrə ayrılan informasiya təminatı və nəzəri biliklər saatında bu mövzular barədə şagirdlərə geniş məlumat verirəm. Çalışıram ki, onlar fiziki tərbiyənin yalnız dərs deyil, sağlam həyatın vacib hissəsi olduğunu başa düşsünlər. Düşünürəm ki, bu sahədə müəllimin şəxsi nümunəsi də çox vacibdir. Şagird müəllimdə idmana bağlılıq, intizam və sağlam həyat tərzi gördükdə özü də buna maraq göstərir.

-İdmanın şagirdlərin intizamı və xarakter formalaşmasında rolunu necə qiymətləndirir, müasir dövrdə şagirdlərin fiziki aktivliyini necə dəyərləndirirsiniz?
-İdmanın şagirdlərin intizamlı, məsuliyyətli və iradəli formalaşmasında çox böyük rolu var. İdman uşaqlara qaydalara əməl etməyi, kollektivlə işləməyi, mübarizə aparmağı, sağlam düşünməyi, qarşısındakı insana hörmət etməyi və məğlubiyyəti düzgün qəbul etməyi öyrədir. Eyni zamanda, şagirdlərdə özünəinam, səbr və məqsədə çatmaq üçün çalışma vərdişləri formalaşdırır. Bu keyfiyyətlər onların həm məktəb həyatında, həm də gələcək həyatında mühüm rol oynayır. Texnologiyanın inkişafı ilə uşaqların fiziki aktivliyində müəyyən azalma müşahidə olunur. Telefon, kompüter və sosial şəbəkələrə marağın artması onların hərəkətliliyinə mənfi təsir edir. Buna görə də məktəbdə fiziki tərbiyə dərslərinin və idmanın rolu daha da vacib olur. Çalışırıq ki, şagirdləri daha çox fiziki aktivliyə cəlb edək, onlarda sağlam həyat tərzinə maraq formalaşdıraq və asudə vaxtlarını daha səmərəli keçirmələrinə dəstək olaq.

 -Dərslərdə hansı metod və yanaşmalara daha çox üstünlük verirsiniz?
-Bilirsiniz, fiziki tərbiyə dərsləri əsasən 6 hərəki qabiliyyət üzərində planlaşdırılır və hər qabiliyyətin inkişafına uyğun fərqli metodlardan istifadə olunur. Fiziki tərbiyə fənnində interval metod, təkrar metod, oyun metodu, dairəvi metod, rəvan metod, dəyişkən metod, nəzarət metodu, yarış metodu və imtinaya qədər metod kimi müxtəlif yanaşmalar mövcuddur. Dərs prosesində mövzuya və inkişaf etdirilən hərəki qabiliyyətə uyğun metod seçməyə çalışıram. Məsələn, şagirdlərdə çeviklik qabiliyyətini inkişaf etdirmək üçün daha çox təkrar, oyun, yarış, dairəvi və fasiləli metodlardan istifadə edirik. Bu metodlar həm dərsin daha maraqlı keçməsinə, həm də şagirdlərin fəallığının və motivasiyasının artmasına kömək edir.

 -Pedaqoji fəaliyyətinizdə sizi ən çox təsirləndirən bir hadisəni bölüşərdinizmi?
-Düzü, pedaqoji fəaliyyətimdə xüsusi olaraq bir hadisəni fərqləndirib “ən təsirləndirən hadisə” kimi qeyd etmək mənim üçün çətindir.

 -Şagirdlərinizə idman və ümumi həyatla bağlı əsas tövsiyələriniz nələrdir?
-Şagirdlərimə əsas tövsiyəm odur ki, sağlamlıqlarının qədrini bilsinlər və fiziki aktivliyi həyatlarının bir hissəsinə çevirsinlər. Eyni zamanda, qarşılıqlı hörmət, vətənpərvərlik, məsuliyyət və cəsarət kimi dəyərlərin insan həyatında çox vacib olduğunun vacibliyini də söyləyirəm. Yeri gəlmişkən, fiziki tərbiyə fənninin məzmun xətlərindən biri də məhz şagirdlərdə vətənpərvərlik hissini, özünə və qarşısındakı insanlara hörməti, məsuliyyət və cəsarət olmaq kimi  keyfiyyətləri özündə  cəmləşdirir. Bir tövsiyəm də odur ki, telefon və sosial şəbəkələrə həddindən artıq vaxt ayırmasınlar, asudə vaxtlarını daha faydalı və aktiv keçirməyə çalışsınlar. Unutmamalıdırlar ki, sağlam bədən və sağlam düşüncə bir-biri ilə sıx bağlıdır.

-Gələcəkdə müəllimlik və idman sahəsində hansı hədəfləriniz var və sizi motivasiya edən əsas amil nədir?
-Müəllim kimi məqsədim şagirdlərdə idmana və sağlam həyat tərzinə marağı artırmaq, onları fiziki və mənəvi cəhətdən düzgün formalaşdırmaqdır. Eyni zamanda, fiziki tərbiyə fənninin tədrisi ilə bağlı bilik və təcrübəmi daha da inkişaf etdirərək bu sahəyə töhfə vermək ən böyük istəklərimdən biridir. İdman sahəsində isə qazandığım təcrübəni gənc nəslə düzgün şəkildə ötürmək, istedadlı uşaqların inkişafına dəstək olmaq əsas məqsədlərimdən biridir. Məni motivasiya edən əsas amil isə şagirdlərin inkişafını, uğurlarını və dəyişimini görməkdir. Şagirdin idmana maraq göstərməsi, özünəinam qazanması və sağlam düşüncəli bir gənc kimi formalaşması müəllim üçün ən böyük motivasiyadır

 -Şagirdləriniz tərəfindən necə xatırlanmaq istəyirsiniz?
-Düzü  ilk ağlıma gələn fikir belədir ki, ən böyük istəyim  onların həyatında müsbət iz buraxan müəllimlərdən biri olmaqdır.

-Müəllimlik sizin üçün nə ifadə edir?
-Düzü bu barədə geniş danışmaq olar. Amma  fiziki tərbiyə müəllimi olaraq belə deyərdim ki, müəllimlik mənim üçün bilik və təcrübəni şagirdlərlə bölüşmək, onlarda sağlam həyat tərzinə maraq yaratmaq, intizam, məsuliyyət, vətənpərvərlik və özünəinam kimi keyfiyyətlərin formalaşmasına töhfə vermək deməkdir.

⁠-Yaxşı müəllim necə olmalıdır?
-Yəqin ki, yaxşı fiziki tərbiyə müəllimini nəzərdə tutursunuz. Məncə, yaxşı fiziki tərbiyə müəllimi ilk növbədə öz peşəsini sevən, məsuliyyətli və intizamlı insan olmalıdır. O, şagirdlərlə düzgün ünsiyyət qurmağı bacarmalı, səbirli və bütün hallarda ədalətli olmalıdır. Eyni zamanda, ən vacib məqamlardan biridə şagirdlərdə vətənpərvərlik dəyərlərini formalaşdıran, onlara sağlam həyat tərzi, iradə və məsuliyyət hissini aşılamalıdır. Fiziki tərbiyə müəllimi həm davranışı, həm də zahiri görünüşü ilə idman müəllimi təsəvvürü yaratmalı, şagirdlər üçün nümunə olmalıdır. Düşünürəm ki, fiziki tərbiyə müəllimi tədris etdiyi fənnin  normativləri və idman hərəkətlərini ən azı bir neçə dəfə düzgün formada nümayiş etdirməyi bacarmalıdır. Çünki şagird müəllimdə həm nəzəri bilik, həm də praktik bacarıq görmək istəyir. Bu baxımdan, fiziki tərbiyə müəllimi yalnız dərs keçən şəxs deyil, həm də şagirdlərin fiziki və mənəvi inkişafına istiqamət verən bir tərbiyəçidir.

Müsahibə boyu səslənən fikirlər, qoyulan suallar və alınan cavablar bir həqiqəti daha da aydın şəkildə göstərdi. Asəf Mehdiyev üçün müəllimlik təkcə bir peşə deyil, illərin formalaşdırdığı dərin bir məsuliyyət mədəniyyətidir. Onun yanaşmasında fiziki tərbiyə dərsi yalnız idman bacarıqlarının öyrədildiyi bir proses deyil, eyni zamanda, şagirdlərdə iradənin möhkəmləndiyi, intizamın formalaşdığı və komanda ruhunun aşılandığı bir tərbiyə məktəbidir. Müsahibə əsnasında aydın olur ki, 14 illik pedaqoji fəaliyyət onun üçün sadəcə zamanla ölçülən bir təcrübə deyil, hər gün yenidən qurulan bir pedaqoji mövqedir. O, şagirdlərə yanaşmada fərdi xüsusiyyətləri nəzərə almağı, hər bir uşağın potensialını düzgün istiqamətləndirməyi və idmanı həyat tərzi kimi təqdim etməyi əsas prinsip kimi qəbul edir. Bu yanaşma onun pedaqoji fəaliyyətini sıradan bir dərs prosesi deyil, davamlı bir inkişaf və tərbiyə sisteminə çevirir. Eyni zamanda, onun idman karyerası və beynəlxalq təcrübəsi də bu pedaqoji baxışın formalaşmasında mühüm rol oynayıb. Peşəkar idmançı kimi qazandığı intizam, dözümlülük və məqsədyönlülük bu gün onun müəllimlik fəaliyyətində şagirdlərə ötürdüyü əsas dəyərlərdən birinə çevrilib. Bu baxımdan Asəf müəllimin fəaliyyəti idmanla pedaqogikanın bir nöqtədə birləşdiyi, praktika ilə tərbiyənin vəhdət təşkil etdiyi nümunəvi bir yol kimi xarakterizə oluna bilər. Onun əldə etdiyi uğurlar, qazandığı təltiflər və beynəlxalq təcrübələr isə təkcə şəxsi nailiyyətlərin göstəricisi deyil, həm də uzun illər davam edən sistemli və ardıcıl əməyin nəticəsidir. Bu uğurlar onun pedaqoji fəaliyyətinə əlavə dəyər qazandırmaqla yanaşı, şagirdləri üçün də motivasiya mənbəyi rolunu oynayır.

Sonda bizə vaxt ayırdığı və səmimi cavabları üçün Asəf müəllimə təşəkkür edirik. Ona gələcək pedaqoji fəaliyyətində daha böyük uğurlar, yeni nailiyyətlər və daim yüksələn bir peşə yolu arzulayırıq. Arzumuz odur ki, onun zəhməti hər zaman dəyər tapsın, şagirdlərinin uğurunda öz əksini tapsın və pedaqoji fəaliyyəti gələcək nəsillər üçün nümunə olaraq qalsın. Uğurları bol, yolu açıq, əzmi isə daim güclü olsun.