Hər il 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunması xalqımızın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik hadisələrdən biridir. Bu gün təkcə hərbçilərin peşə bayramı deyil, həm də müstəqil Azərbaycanın gücünün, təhlükəsizliyinin və suverenliyinin təminatçısı olan Ordumuzun keçdiyi şərəfli inkişaf yoluna nəzər salmaq üçün mühüm fürsətdir.
Azərbaycan Ordusunun təməli 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş ilk nizami hərbi hissələrin yaradılması ilə əlaqədardır. Lakin müasir və güclü Azərbaycan Ordusunun formalaşması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki xaos və hərbi sistemdəki pərakəndəlik dövlətçiliyin gələcəyini ciddi təhlükə altına almışdı. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlət quruculuğunun bütün istiqamətləri ilə yanaşı, ordu quruculuğunu da prioritet vəzifə kimi müəyyənləşdirdi.
Ulu Öndərin rəhbərliyi ilə Silahlı Qüvvələrdə vahid komandanlıq sistemi yaradıldı, nizami ordu quruculuğuna başlanıldı, hərbi hissələrin maddi-texniki bazası gücləndirildi və peşəkar kadr hazırlığı istiqamətində mühüm addımlar atıldı. Məhz onun siyasi iradəsi nəticəsində Azərbaycan Ordusu pərakəndə silahlı dəstələrdən müasir dövlətin hərbi institutuna çevrilməyə başladı. Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, güclü dövlətin əsas dayaqlarından biri güclü ordudur. Bu strateji baxış sonrakı illərdə ölkənin müdafiə potensialının yüksəldilməsi üçün möhkəm təməl yaratdı.

Bu gün Azərbaycan Ordusunun qazandığı uğurların əsasında məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Hərbi büdcənin dəfələrlə artırılması, müasir silah və texnikaların alınması, müdafiə sənayesinin inkişaf etdirilməsi, hərbi infrastrukturun yenilənməsi və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi Ordunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldib.
Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Müasir döyüş sistemləri, yüksək hazırlıqlı şəxsi heyət, xüsusi təyinatlı qüvvələrin peşəkarlığı və beynəlxalq standartlara uyğun idarəetmə mexanizmləri Ordumuzun əsas üstünlükləri sırasındadır. Müxtəlif ölkələrlə həyata keçirilən hərbi əməkdaşlıq proqramları, beynəlxalq təlimlər və təcrübə mübadiləsi də Silahlı Qüvvələrin inkişafına mühüm töhfə verir.
Azərbaycan Ordusunun gücü və peşəkarlığı xüsusilə 2020-ci ilin Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müasir hərbi strategiyası və Ali Baş Komandan kimi peşəkar rəhbərliyi nəticəsində Azərbaycan Ordusu cəmi 44 gün ərzində tarixi Zəfərə imza atdı. Uzun illər işğal altında qalmış torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü böyük ölçüdə bərpa olundu və beynəlxalq hüququn tələbləri döyüş meydanında təmin edildi.
Vətən müharibəsi yalnız hərbi qələbə deyil, həm də Azərbaycan dövlətinin siyasi, iqtisadi və mənəvi gücünün təntənəsi idi. Müharibə dövründə xalq ilə dövlətin, vətəndaş ilə Ordunun nümayiş etdirdiyi birlik Azərbaycanın ən böyük üstünlüklərindən biri kimi tarixə düşdü. Azərbaycan əsgəri yüksək döyüş ruhu, peşəkarlığı və vətənpərvərliyi ilə qəhrəmanlıq salnaməsi yazdı.
2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələndi. Bu hadisə Azərbaycan Ordusunun yüksək hazırlıq səviyyəsini, operativ imkanlarını və müasir hərbi potensialını bir daha nümayiş etdirdi.

Bu gün qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş hərbi uğurların möhkəmləndirilməsi, Ordunun daha da modernləşdirilməsi və yeni təhlükəsizlik çağırışlarına uyğun inkişafının təmin edilməsidir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Müdafiə sənayesinin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, pilotsuz uçuş aparatlarının və yüksək dəqiqlikli silah sistemlərinin arsenalda yerinin artırılması gələcək inkişafın əsas istiqamətlərindəndir.
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqı üçün qürur və iftixar günüdür. Bu tarix həm Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki misilsiz xidmətlərini, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi nailiyyətləri xatırladır. Güclü dövlət, güclü iqtisadiyyat və güclü Ordu vəhdəti Azərbaycanın milli təhlükəsizliyinin əsas təminatıdır.
Əminliklə demək olar ki, xalqın dəstəyinə, dövlətin diqqət və qayğısına arxalanan Azərbaycan Ordusu bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin etibarlı keşiyində dayanacaq, yeni uğurlara imza atacaqdır.
Zamin Məmmədov, “İki sahil”