26 iyun 2026 12:00
108

Azərbaycan Ordusu Zəfərin simvoludur

Azərbaycan Silahlı Qüvvələri-108

Bir əsrdən artıq şərəfli yolun zirvəsində dayanan tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası gələcəyə daha böyük inamlı addımlar atmağa stimul verir

Azərbaycan Ordusu 108 yaşını Zəfər ruhunda böyük qürur hissi ilə qeyd edir. Təbii ki, hər bir uğura, Zəfərə gedən yol möhkəm təmələ, böyük səylərə, qətiyyətə söykənir. Təbii ki, 108 ilin reallıqlarını bir yazıda əhatə etmək mümkünsüzdür. Bununla belə bugünümüzün reallıqları fonunda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin digər sahələr kimi, ordu quruculuğu sahəsində də gördüyü işlərin qısa xronologiyasına nəzər salacaq, suverenliyimizin, müstəqilliyimizin qarantı olan ordumuzun qarşısında açılan imkanlardan bəhs edəcəyik. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərlə, ardıcıllıqla həyata keçirdiyi tədbirlərlə zəngindir. Azərbaycanın müstəqil gələcəyini düşünən Ümummilli Lider Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə hərbi kadrların yetişdirilməsi məsələsini gündəmdə saxlayaraq bu istiqamətdə səylər göstərmişdi. O, 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

Ulu Öndərin hakimiyyətinin ikinci mərhələsi də bu istiqamətdə mühüm addımlarla zəngindir. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarilə yeni inkişaf mərhələsi sayıla bilər. Dahi rəhbərin 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı. Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığına xüsusi diqqət yönəldildi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan Azərbaycanı necə görmək istədiyini xarakterizə edərkən təbii ki, ilk olaraq dilə gətirdiyimiz arzusu Qarabağı, Şərqi Zəngəzuru azad görmək, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi idi. Çünki dahi şəxsiyyət bu arzunun tezliklə reallıqla çevriləcəyinə əmin idi. Bu əminliyə əsas verən əsas amil Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, tarixi həqiqətləri, real faktları özündə əks etdirən təbliğatı, ədalətin gec-tez zəfər çalacağına əminliyi, digər amil isə ölkəmizin bütün sahələrdə uğurlu inkişafı, qələbəyə hazırlanan ordusunun maddi-texniki bazasının möhkəmliyi, döyüş ruhunun böyüklüyü, gənclərimizdə vətənpərvərlik hissinin yüksəkliyi və sair idi. Ümummilli Lider bu inamı da ifadə etmişdir ki, Onun axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev axıra çatdıracaq.

2003-cü ildən sonrakı dövr Heydər Əliyev siyasətinə sadiqlik, bu siyasətin uğurlu davamı mərhələsidir. Müharibə şəraitində yaşayan ölkə olaraq iqtisadiyyatın və ordu quruculuğunun prioritetliyi aydındır. Azərbaycan dayanıqlı inkişafını təmin etməklə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasına nail oldu. Ümummilli Lider səbəbsiz olaraq “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışını etmədi. İqtisadi tərəqqi maliyyə imkanlarının genişlənməsinə yol açır ki, bu da öz növbəsində digər sahələrdə mühüm addımların atılmasını şərtləndirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradıldı. Bu gün Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir.

Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2025-ci ildə dövlət büdcəsinin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. 2026-cı ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsait yönəldilib.

Hərbi qulluqçuların sosial müdafiəsi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Ordusunun 20 il və daha çox qüsursuz xidmət etmiş 4167 nəfər hərbi qulluqçusu mənzillərlə təmin olunub, bundan sonra da hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi prosesi davam etdiriləcək. 2025-ci il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılmışdır. 2026-cı ilin mart ayında da bu istiqamətdə yeni tədbirlər görülmüşdür.

2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, onun ardınca 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun döyüş ruhunu, gücünü və qüdrətini dünyaya nümayiş etdirdi. Ordunun döyüş qabiliyyətinin artırılmasında taktiki təlimlərin olduqca böyük əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiqlədi ki, ordumuz güclüdür, Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir.

2016-cı ilin 2 aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Bizim şanlı ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Mən dəfələrlə demişdim ki, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi» fikirləri Azərbaycan Ordusunu şanlı Qələbəyə aparan yolun təqdimatı oldu.

Dünyanın ən güclü orduları sırasında yer tutan Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri nəyə qadir olduqlarını qazandıqları zəfərləri ilə bəyan edirlər. Müharibələr tarixində təkrarolunmaz hərbi taktika və strategiyası ilə diqqət çəkən ordumuz təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə nümunə göstərildi. Bir çox ölkələrin hərbi ekspertlərinin də qeyd etdikləri kimi, ən müasir, beşinci nəsil silahlarla təmin olunmuş Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadət XXI əsrin döyüş təcrübəsidir. Prezident İlham Əliyevin “Gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır” fikri həyatda əksini tapdı. İndi Azərbaycan bayraqları təkcə Şuşada deyil, işğaldan azad olunmuş bütün şəhərlərdə, kəndlərdə, strateji yüksəkliklərdə dalğalanır. Bu Zəfərin müəllifi Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Torpaqlarımızı düşmən əsarətindən öz gücü, bacarığı ilə azad edən əsgərlərimiz düşməni diz çökməyə məcbur etdi, Ermənistan təslimçilik aktını imzaladı.

Qeyd etdiyimiz kimi, bu uğurlar son illərdə ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatların, «Nəyi nə vaxt, necə edəcəyimizi bilirik» söyləyən Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi. Bu Qələbə həm də Azərbaycan -Türkiyə qardaşlığının sarsılmazlıq nümunəsi kimi tarixə yazıldı. 44 gün davam edən müharibədə xalqımıza mənəvi, siyasi dəstəyini əsirgəməyən Türkiyə əsrlərdən bəri qorunub saxlanılan qardaşlığa sadiq qaldı. Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda «Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi» söyləyən, hər iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığı, keçirilən birgə hərbi təlimləri yüksək dəyərləndirən Prezident İlham Əliyev fəxrlə qeyd etdi ki, Türkiyə və Azərbaycan əsgərlərinin yan-yana dayanması birliyimizin, gücümüzün göstəricisidir.

Hər iki qardaş ölkə hərbçiləri arasındakı qarşılıqlı əməkdaşlıq həmişə olduğu kimi, bu gün də yüksək səviyyədədir. Şanlı Qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər paradında nümayiş etdirildi.

Prezident İlham Əliyevin Milli Ordumuzun Türkiyə Ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edir və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artırır. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verir. Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsində də bununla bağlı önəmli maddələr öz əksini tapıb. Belə ki, tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər. O da qeyd edilir ki, tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər. İki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlığın üçüncü dövlətlərə qarşı yönəlmədiyi də sənəddə öz əksini tapıb.

Azərbaycanın Gürcüstan və Pakistanla davam edən hərbi əməkdaşlığı da regionda sülhün, sabitliyin təminatına önəmli töhfədir. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və açıq şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış “İkitərəfli Hərbi Əməkdaşlıq Planı” da iki ölkə arasında hərbi müttəfiqlik effektini yaradır. Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri 2024-cü ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Ümumiyyətlə, Azərbaycan Ordusunun yüksək hazırlıqlı zabit, gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı, gizir hazırlığı və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlanması üçün mütəmadi olaraq toplanışlar təşkil olunur və keçirilir. Müasir müharibələrin tələblərinə uyğun kadrların hazırlanmasının təkmilləşdirilməsi məqsədilə sürətlə dəyişən əməliyyat mühitində çevik qərar qəbul edən və yüksək adaptasiya qabiliyyəti olan kadrların hazırlanması istiqamətində xarici ölkələrin qabaqcıl təcrübələri öyrənilir, mənimsənilir və ölkəmizin hərbi maraqlarına uyğunlaşdırılaraq Azərbaycan Ordusunda tətbiq olunur.

Tarixi Zəfərimizdən sonra da ordu quruculuğu istiqamətində davamlı addımlar atılır. Belə ki, Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Məhz bu zərurət Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılmasını aktuallaşdırdı. Buna görə də Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. 2021-ci il dekabrın 24-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsindəki hərbi hissənin açılışında bildirmişdir: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.”

Təbii ki, 108 yaşını qeyd edən Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu bir yazıda əhatə etmək qeyri-mümkündür. Hədəf yeni uğurların başlanğıcıdır. Azərbaycan daim irəli baxmağı, zamanı qabaqlamağı qarşısına əsas çağırış kimi qoyduğu üçün hər bir yeniliyə, təkmilləşməyə maraq göstərməklə yanaşı, onu real addımlarında təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışları özündə ehtiva edir, gələcəyin yol xəritəsinə çevrilir. Ölkə Prezidentinin “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir” fikirləri də bunun bariz nümunəsidir.

108 yaşın mübarək, Azərbaycan Ordusu! Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ölkəmizin güclü, qüdrətli vətənpərvər ordusu var. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər.

Azərbaycan Ordusu tarixi Zəfərə imza atmaqla sadalanan bu keyfiyyətlərin hər birinə sahib olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun yaranmasının 108-ci ildönümünü bayram edərkən canları, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Müharibə iştirakçılarının hər birinin döyüş yolu bir qəhrəmanlıq dastanına çevrildi. İndiki və gələcək nəsillər üçün örnək olan bu qəhrəmanları unutmağa haqqımız yoxdur.

Yeganə Əliyeva, “İki sahil”