29 iyun 2026 18:21
120

XXI əsr türk əsrinə çevrilir

Böyük coğrafi məkanı əhatə edən, qədim tarixə, zəngin mədəniyyətə Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərinə, zəngin təbii ehtiyatalara, müsbət demoqrafik dinamikaya, 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik olan Türk dünyasının və Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz daim Türk dünyasının sıx birləşməsinə böyük töhfələr verib.

Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında 2025-ci il 22 oktyabr tarixli Sərəncamında vurğulanır ki, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. Türk dünyasının yenidən vahid ailə şəklində formalaşması istiqamətində diqqətəlayiq nailiyyətlər qazanılıb. Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və qarşılıqlı mədəni əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə doğru qətiyyətlə atılan addımlar artıq davamlı xarakter daşımaqdadır. 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışının öz əksini tapması bunun daha bir təzahürüdür.

Bu gün Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olaraq qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafına böyük töhfələr verir. Hazırda dünyanın üzləşdiyi geosiyasi və təhlükəsizlik çağırışları türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb edir. Bu baxımdan türk dövlətlərinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələr aparmaları mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə Görüşündə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün iqtisadi, nəqliyyat və digər sahələrdə türk dövlətlərinin tam potensialından istifadə edilməsinin vacibliyinin bir daha vurğulanması xüsusi diqqət şəkir. Zirvə görüşü çərçivəsində imzalanan “Qarabağ Bəyannaməsi” Türk dünyasının birlik və bərabərliyinin, gücünün və gələcəyə baxışının manifesti kimi dünyaya təqdim olundu. Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında bildirmişdi: “Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Birinci Türkoloji Qurultay bütün türk xalqları üçün mühüm tarixi hadisə olmaqla yanaşı, qardaş ölkələrin sarsılmaz birliyinin rəmzinə çevrilib. TDT türk xalqları arasında elm, təhsil və mədəniyyət sahələrində inteqrasiyanı, tarixi irsin qorunmasını təşviq edir. Bu istiqamətdə davamlı olaraq ortaq proqramlar həyata keçirilir, elmi araşdırmalar əlaqələndirilir və müxtəlif beynəlxalq tədbirlər təşkil olunur. Mədəni birliyi gücləndirmək üçün mühüm tarixi yubuleylər qeyd edilir. İyunun 29-da Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsi bunun bariz nümunəsidir. Qurultay türk xalqlarının elm və mədəniyyət tarixində dönüş nöqtələrindən biridir. Həmin qurultayda irəli sürülən ideyalar bu gün də öz əhəmiyyətini itirməyib. Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12 ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur: “Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır. Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır. Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik”.

Zahid Rza, “İki sahil”