07 avqust 2026 01:20
99

Uşaqlar niyə oyuna yox, ekrana üz tuturlar?

Yeni araşdırma uşaqların asudə vaxtlarında üz tutduqları vərdişlərdə diqqətçəkən dəyişiklik olduğunu göstərib. Məlumata görə, uşaqlar boş vaxtlarında və darıxdıqları zaman əvvəlki nəsillərlə müqayisədə daha çox telefon, planşet, televizor və digər elektron cihazlara üz tuturlar. Nəticədə açıq havada oyun oynamaq, təxəyyülün məhsulu olan yeni oyunlar uydurmaq və yaradıcılıq tələb edən fəaliyyətlər getdikcə arxa plana keçir.

4-9 yaş aralığında olan 2 min uşaq arasında aparılan sorğunun nəticələrinə görə, uşaqların 28 faizi məşğul olmaq istəyəndə elektron cihazdan istifadə edəcəyini və ya belə cihaz istədiyini bildirib. Müqayisə üçün, uşaqların cəmi 12 faizi darıxdıqda özünün yeni oyun uyduracağını deyib. Sorğuda iştirak edən uşaqların yalnız 10 faizi isə darıxdığı zaman həyətə çıxacağını bildirib.

Ekranlar ənənəvi oyunları əvəz edir

Araşdırmada uşaqların oyun seçimlərində də dəyişiklik müşahidə olunub. Oyuncaq avtomobillər və qatarlar, pazllar, stolüstü oyunlar, əl işləri ekran qarşısında keçirilən vaxtın artması ilə əvvəlki qədər populyar deyil. Valideynlərin əksəriyyəti uşaqlarının əvvəllər həvəslə məşğul olduğu ən azı bir fəaliyyətin qismən elektron cihazlarla əvəzləndiyini bildirib.

Sorğunun nəticələri uşaqların yaradıcı oyunlara marağının daha erkən yaşlarda azaldığını da göstərir. 6 yaşlı uşaqların 14 faizi artıq öz təxəyyülündən istifadə etməyi dayandırır. Uşaqların bu vəziyyətlə bağlı fikirləri isə fərqlidir. Sorğuda iştirak edən hər 10 uşaqdan təxminən 4-ü valideynlərinin onlarla daha çox xəyali oyunlar oynamasını istədiyini deyib.

Sorğuda iştirak edən valideynlərin təxminən üçdə ikisi öz uşaqlıqlarında indiki yaşdakı uşaqlara nisbətən daha yaradıcı olduqlarını düşünür. Valideynlərin əksəriyyəti bugünkü uşaqların öz oyunlarını yaratmaq bacarığının daha zəif olduğunu hesab edirlər.

Uşaq inkişafı üzrə mütəxəssis, psixoloq Amanda Gummer isə uşaqların yaradıcılıq imkanlarının getdikcə azaldığını bildirir. Onun sözlərinə görə, uşaq darıxdıqda ekran ən sürətli və ən əlçatan seçimə çevrilir. Bu isə uşağın müstəqil şəkildə hekayə qurmaq və oyun yaratmaq imkanlarını azalda bilər. Mütəxəssis təxəyyül məhsulu olan xəyali oyunların uşaqlara özlərinin idarə etdiyi bir mühitdə müxtəlif ideyaları, dili, sosial rolları və problemlərin həlli yollarını sınamaq imkanı verdiyini vurğulayırlar.

Araşdırma ekran istifadəsinin xüsusilə məktəb tətilləri zamanı artdığını göstərib. Valideynlərin dörddə birindən çoxu işlədikləri müddətdə uşaqlarının tətil günlərində gündə 4 saata qədər ekran qarşısında vaxt keçirdiyini bildiriblər. Qeyd edək ki, valideynlərin əksəriyyəti uşaqları məşğul saxlamaq üçün elektron cihazlardan istifadə etdiyini etiraf edib. Bununla yanaşı, bir çox valideyn bu vəziyyətə görə narahatlıq keçirdiyini və uşaqlarının yaradıcı oyunlara daha çox vaxt ayırmasını istədiyini bildirib.

Araşdırmanın nəticələri uşaqların ekran qarşısında keçirdikləri vaxtla bağlı müzakirələrin yalnız müddət məsələsi ilə məhdudlaşmadığını göstərir. Əsas suallardan biri də rəqəmsal texnologiyaların uşaqların sərbəst oyun, təxəyyül və yaradıcılıq üçün ayırdığı vaxtı nə dərəcədə əvəz etməsidir.

Şahnigar Əhmədova, “İki sahil”