Psixoloq: Valideynlər uşağın yalnız nəticəsini deyil, göstərdiyi səyi, məsuliyyətini, intizamını və inkişafını da qiymətləndirməlidirlər
Ali məktəbə qəbul olmaq ölkəmizdə bir çox ailə üçün yalnız təhsil pilləsi deyil, həm də gələcək həyatın başlanğıc mərhələsi kimi qiymətləndirilir. Bu səbəbdən qəbul imtahanları yaxınlaşdıqca valideynlərin övladlarını daha çox çalışmağa həvəsləndirmək üçün müxtəlif üsullara əl atmaları da geniş yayılmış haldır. Bu üsullardan biri isə maddi mükafat vədləridir: “Yüksək bal topla, sənə telefon alacam”, “Universitetə qəbul ol, istədiyin maşını alacam”, “Yaxşı nəticə göstər, nə istəyirsənsə edəcəyik”.
İlk baxışda bu yanaşma uşağı oxumağa həvəsləndirən ən uyğun motivasiya üsulu kimi görünür. Lakin burada əsas məqam mükafatın verilib-verilməməsi deyil. Əsas məsələ uşağın təhsilə hansı motivasiya ilə yanaşmağa başlamasıdır. Valideyn övladına davamlı olaraq “İmtahandan yüksək nəticə göstər, sənə istədiyini alacağam” mesajı verdikdə, uşaq zamanla uğurun özündən daha çox onun qarşılığında əldə edəcəyi mükafata fokuslana bilər. Bu isə xüsusilə uzunmüddətli təhsil prosesində problem yarada bilər. Çünki universitetə qəbul olmaq bir məqsəd olsa da, təhsil bununla bitmir. Digər tərəfdən, belə vədlər uşağın üzərində əlavə təzyiq də yarada bilər. Uşaq valideyninin onun üçün böyük məbləğdə və ya dəyərli hədiyyə almağa hazırlaşdığını bildikdə imtahan nəticəsini yalnız fərdi nəaliyyəti kimi deyil, valideyninin gözləntisini doğrultmaq məsuliyyəti kimi qəbul edə bilər. Nəticə istənilən kimi olmadıqda isə məyusluq hissi daha da güclənə bilər.
Mükafat motivasiyanı gücləndirir, yoxsa asılılıq yaradır?
Burada daha bir məqam diqqət çəkir. Valideynin mükafat vədi ilə uşağın motivasiyasını artırmağa çalışması hər zaman yanlış yanaşma hesab edilə bilməz. Uşağın zəhmətinin qiymətləndirilməsi və uğurunun qeyd olunması normaldır. Problem mükafatın uşağın bütün fəaliyyətinin əsas səbəbinə çevrilməsidir. Məsələn, uşağa hədiyyə vədləri verməklə yanaşı, “Bu müddətdə çəkdiyin əziyyəti görürük və sənin öz məqsədinə çatmağın bizim üçün vacibdir” mesajının verilməsi fərqli yanaşmadır. Birinci halda diqqət yekunda əldə ediləcək mükafata, ikinci halda isə uşağın səylərinə və inkişafına yönəlir.
Məsələnin başqa tərəfi isə ailələr arasında müqayisədir. Bir uşağa yüksək nəticə qarşılığında telefon, digərinə avtomobil vəd edilərkən, uğur anlayışı getdikcə maddi göstəricilərlə ölçülə bilər. Bu isə uşağın “Nə üçün oxuyuram” sualına cavabını dəyişdirə bilər. Əslində, ali məktəbə qəbul olmaq uşağın həyatında mühüm mərhələdir, lakin onun bütün gələcəyini müəyyən edən yeganə göstərici deyil. Buna görə valideynin əsas rolu uşağı yalnız imtahana qədər motivasiya etmək yox, onun qarşısına qoyduğu məqsədə çatmaq üçün davamlı və sağlam motivasiya formalaşdırmasına kömək etməkdir. Çünki uşağın qazandığı ən böyük mükafat yalnız imtahandan sonra alacağı telefon, kompüter və ya başqa bir hədiyyə deyil. Əsas qazanc onun öz məqsədini müəyyənləşdirməsi, məsuliyyət götürməsi və əldə etdiyi nəticənin arxasında öz əməyinin dayandığını dərk etməsidir.

Uşağın dəyəri nəticə ilə ölçülməməlidir
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, "Ali məktəbə qəbul olsan, istədiyin hər şeyi alacağam" kimi vədlər ilk baxışdan uşağın təhsil motivasiyasını artıran bir üsul təsiri bağışlaya bilər: "Həqiqətən də, maddi mükafat qısa müddətdə uşağı daha çox çalışmağa sövq edir. Lakin bu yanaşma davamlı şəkildə tətbiq edildikdə uşağın öyrənməyə münasibətini dəyişir. Təhsil bilik qazanmaq, inkişaf etmək və gələcəyə hazırlaşmaq vasitəsi olmaqdan çıxaraq mükafat əldə etməyin şərtinə çevrilir. Uşaq zamanla belə düşünməyə başlayır ki, göstərdiyi zəhmətin və qazandığı uğurun dəyəri onun qarşılığında nə əldə etməsi ilə ölçülür. Bu halda daxili motivasiya zəifləyir, maddi mükafata bağlı olan xarici motivasiya isə güclənir. Uşaq oxumağın, öyrənməyin və özünü inkişaf etdirməyin mənasını deyil, nəticədə ona nə alınacağını əsas götürür.
Maddi vəd ortadan qalxdıqda çalışma həvəsinin də azalması mümkündür. Belə vədlər uşağın psixoloji vəziyyətində əlavə gərginlik də yaradır. Ali məktəbə qəbul olmaq onun üçün yalnız şəxsi məqsəd deyil, valideynin gözləntisini doğrultmaq və vəd edilən mükafatı qazanmaq məsələsinə çevrilir. Uşaq uğursuz olduğu halda təkcə imtahandan keçmədiyini deyil, həm də valideynini məyus etdiyini və mükafata layiq olmadığını düşünür. Bu isə onda günahkarlıq hissi, özünəinamın azalması, yüksək həyəcan və uğursuzluq qorxusu yarada bilər. Burada başqa bir həssas məqam da var. Valideyn fərqinə varmadan uşağa sevgini, diqqəti və qəbul edilməni müəyyən nəticəyə bağladığı mesajını verir. Uşağın beynində “uğurlu olsam, dəyərliyəm” düşüncəsi formalaşa bilər. Halbuki uşaq bilməlidir ki, onun şəxsiyyət kimi dəyəri imtahan nəticəsindən, qiymətlərindən və qazandığı uğurlardan asılı deyil. Valideynin sevgisi şərtsiz, dəstəyi isə nəticədən asılı olmayaraq davamlı olmalıdır. Bu yanaşma gələcəkdə də uşağın məqsədlərə münasibətinə təsir göstərir. O, hər bir zəhmətin qarşılığında dərhal maddi qazanc gözləyə, nəticəsi tez görünməyən işlərə marağını itirə və çətinlik qarşısında daha tez geri çəkilə bilər. Həyatda isə bütün səylərin dərhal və konkret mükafatı olmur.
Bəzən insan uzun müddət çalışır, təcrübə qazanır, səhvlər edir və nəticəyə mərhələli şəkildə çatır. Uşağın bu reallığı qəbul etməsi və zəhmətin özünü də dəyərli hesab etməsi vacibdir. Bu, uşağa heç vaxt hədiyyə verilməməlidir demək deyil. Hədiyyə sevincin bölüşdürülməsi və əməyin qiymətləndirilməsi vasitəsi ola bilər. Ancaq əvvəlcədən şərt kimi qoyulmamalı və uşağın əsas çalışma səbəbinə çevrilməməlidir. “Qəbul olsan, sənə telefon alacağam” demək əvəzinə, “Sənin zəhmətini görürəm, bu prosesdə yanında olacağam və nəticədən asılı olmayaraq sənə dəstək verəcəyəm” demək daha sağlam yanaşmadır. Valideynlər uşağın yalnız nəticəsini deyil, göstərdiyi səyi, məsuliyyətini, intizamını və inkişafını da qiymətləndirməlidirlər. Qəbul nəticəsi istənilən səviyyədə olmadıqda isə uşağı ittiham etmək və başqaları ilə müqayisə etmək əvəzinə, səbəbləri birlikdə təhlil etmək və növbəti addımları müəyyənləşdirmək lazımdır. Uşağın uğura münasibəti məhz ailədə formalaşır. O, ailədən öyrənməlidir ki, uğur yalnız yekunda mükafat qazanmaq deyil, məqsəd müəyyənləşdirmək, zəhmət çəkmək, məsuliyyət daşımaq, uğursuzluqdan nəticə çıxarmaq və yoluna davam etmək bacarığıdır."
Şahnigar Əhmədova, "İki sahil"