15 sentyabr 2026 17:45
154

Ermənistan hakimiyyəti sülhü sabotaj edir

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri baş tutdu. Həmin səfər çərçivəsində erməni yalanları, saxta erməni tarixi bir daha ifşa olundu. Səfər erməni revanşist qüvvələri arasında dərin narahatlığa səbəb olub. Həm də elə Ermənistanın indiki hakimiyyəti arasında bu səfərdən ciddi narahatlıq duyan tərəflər və şəxslər var.

Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlamaları qəbuledilməzdir. Bu, ilk növbədə, Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. İkincisi isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq mövcud şəraitdə sülh müqaviləsinin və sülh prosesinin sabotaj edilməsidir. Əldə edilən nəticələrə kölgə salan açıqlamaların verilməsi ondan xəbər verir ki, Ermənistan hələ də sülhə hazır deyil, sülhü və bütövlükdə yaranmış reallığı qəbul etmək istəmir.

14 sentyabr tarixində Ermənistan parlamentində 12-13 sentyabr 2020-ci il tarixlərində sərhəddə gedən döyüşlərdə həlak olmuş hərbçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin özü də Ermənistan tərəfindən törədilən növbəti provokasiyadır. Azərbaycanın cavab vermək məcburiyyətində qaldığı Ermənistan provokasiyasının gündəmə gətirilməsi və mövcud durum onu göstərir ki, deməli, cəmiyyətdə revanşist əhval-ruhiyyənin yüksəldilməsinə davam edilir.

Paşinyan hakimiyyəti də bu istiqamətdə qeyri-səmimi yanaşma ortaya qoyur. Bilirik ki, revanşist qüvvələr sülhü istəmir. Lakin bu gün əgər Ermənistanın mövcud hakimiyyətinə yaxın mətbu orqanlarda, hakim partiyaya yaxın resurslarda revanşist fikirlər səsləndirilir və yazılar dərc edilirsə, deməli, Paşinyanın və komandasının qeyri-səmimiliyi özünü bir daha göstərir.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur. Həm dövlətimiz, həm də xalqımız tərəfindən bu mədəni və tarixi irs böyük məsuliyyətlə qorunub saxlanılır.

Ermənistanda da azərbaycanlılar vaxtilə yaşayıb. Qərbi azərbaycanlıların tarixi, həyat tərzi və mədəni irsinin görməzdən gəlinməsi və belə bir reallıqda öz dədə-baba torpaqlarından didərgin olan insanların aqibətinin üstündən keçilməsi yolverilməzdir.
Ermənistan bunu hər vəchlə danmağa çalışır, lakin tarixi faktların özü danışır. Qərbi azərbaycanlılar minilliklər ərzində həmin torpaqlarda zəngin mədəni irs yaradıblar. Lakin təəssüflər olsun ki, Ermənistan bu izi silmək yolunu tutub.
Azərbaycanın mədəniyyət abidələrinin qəsdən məhv edilməsi, Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərinin silinməsi beynəlxalq hüquqa zidd olduğu qədər, həm də 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulması deməkdir.

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq