15 oktyabr 2026 10:40
157

Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatının inkişafına HANSI TÖHFƏNİ VERİR?

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olan Aqrar Süni İntellekt layihəsi 2024-cü ildə fəaliyyətə başlayıb."

Bu fikirləri Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti, aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

Nazir müavini diqqətə çatdırıb ki, layihənin əsas məqsədi kənd təsərrüfatında məlumatlara əsaslanan qərarvermə imkanlarını genişləndirmək, məhsuldarlığın artırılmasını dəstəkləmək, resurslardan səmərəli istifadəni təşviq etmək və dövlət dəstəyi mexanizmlərinin effektivliyini yüksəltməkdir: "Layihə, həmçinin 2026–2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulan süni intellekt sisteminin yaradılması tədbirinin icrasına xidmət edir.
Layihə çərçivəsində ümumilikdə 33 süni intellekt və rəqəmsal həllin hazırlanması nəzərdə tutulub. Bu həllər 12 proqram üzrə üç əsas istiqaməti əhatə edir:
Məhsuldarlığın artırılması – 7 proqram və 25 həll;
Subsidiyaların səmərəliliyinin artırılması – 3 proqram və 5 həll;
Heyvandarlığın inkişafı – 2 proqram və 3 həll.

İstiqamətlər üzrə bitki sağlamlığı, bitkilərin ərazi və iqlim şəraitinə uyğunluğu, suvarmanın idarə edilməsi, əkin sahələrinin monitorinqi, məhsuldarlığın müəyyənləşdirilməsi, torpaq və iqlim xəritələrinin hazırlanması, fermer reytinqi, istixanaların və heyvandarlıq təsərrüfatlarının xəritələşdirilməsi, otlaqların idarə edilməsi və digər sahələri əhatə edən həllər hazırlanır."
İlhamə Qədimova vurğulayıb ki, nəzərdə tutulan 33 həllin 13-ü artıq istismara verilib, 11-i sınaq və inteqrasiya mərhələsindədir, 7-si hazırlanır, 2-si üzrə isə işlərə başlanılması planlaşdırılır:

"Hazırda istismarda olan həllər bitki sağlamlığı, bitki uyğunluğu, suvarmanın idarə edilməsi, dinamik iqlim xəritəsi və fermer reytinqi proqramlarını əhatə edir. Bu həllər kənd təsərrüfatında risklərin əvvəlcədən qiymətləndirilməsinə, aqrotexniki tədbirlərin daha düzgün planlaşdırılmasına və idarəetmə qərarlarının məlumatlar əsasında qəbuluna imkan yaradır.
2026-cı ilin sonunadək bütün 33 həllin ilkin işlək versiyalarının hazırlanması hədəflənir. Növbəti mərhələdə həllərin sınaqdan keçirilməsi, müvafiq informasiya sistemlərinə inteqrasiyası və istifadəsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək."

Orxan Vahidoğlu, "İki sahil"