Avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan şəhid, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu Əliyev Tahir Çingiz oğlu rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
“İki sahil” xəbər verir ki, ilk öncə şəhidimizin doğma evində vida mərasimi keçirilib. Şəhidimizlə vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Vida mərasimində çıxış edənlər şəhidimizin ailəsinə Allahdan səbr diləyiblər.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Tahir Əliyevin tabutu üzərindəki dövlət bayrağını şəhidin atasına təqdim edib.
Ailə üzvlərinin diqqətinə çatdırılıb ki, dövlətimiz tərəfindən hər zaman bütün lazımi dəstək göstəriləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!