07 avqust 2022 20:06
679

Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Avqust ayının 7-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və təşkilatın əməkdaşı Samir Ağayev II Qarabağ müharibəsində  Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, Bəydili kəndindən olan şəhid Quluzadə Məhəmməd Cəlal oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, görüşdə şəhidin  şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.

Şəhidin valideyinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Daha sonra kənd qəbirstanlıqında şəhidin məzarını ziyarət olunub, ruhuna dualar oxuyublar.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Məhəmməd Quluzadə 7 avqust 1999-cu ildə Biləsuvar rayon Bəydili kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Məhəmməd Quluzadə Tərtər rayonun Suqovuşan kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 2020-ci ilin sentyabr ayının 29-da Bəydili kəndində dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Quluzadə Məhəmməd Cəlal oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!