25 oktyabr 2023 00:58
731

Qurğuşun zəhərlənməsi ildə 5 milyon insanın ölümünə səbəb olur

Qurğuşun çirklənməsinin, xüsusilə ürək xəstəlikləri və kiçik yaşlı uşaqların beyin inkişafı ilə bağlı bir sıra ciddi sağlamlıq problemlərinə səbəb olduğu məlum olub.

Ən son aparılan modelləşdirmə tədqiqatı göstərib ki, qurğuşun zəhərlənməsi qlobal sağlamlığa əvvəllər inanıldığından daha əhəmiyyətli təsir göstərir. O, potensial olaraq hər il beş milyondan çox insanın ölümünə səbəb olur ki, bu da onu havanın çirklənməsi ilə müqayisə oluna biləcək əhəmiyyətli təhlükəyə çevirir.

"Oyanış çağırışı" olaraq xarakterizə edilən araşdırmada, həmçinin təxmin edildi ki, zəhərli metala məruz qalma inkişaf etməkdə olan ölkələrdə gənc uşaqların hər birinin orta hesabla altı İQ balını itirməsinə səbəb olur. İnsanlar hələ də qida, torpaq, qablar, gübrələr, kosmetika, qurğuşun-turşulu avtomobil akkumulyatorları və digər mənbələr vasitəsilə güclü neyrotoksinə məruz qala bilərlər.

“Lancet Planetary Health” jurnalında dərc olunan araşdırmada da müəlliflər göstərirlər ki, varlı və inkişaf etməkdə olan ölkələrdə qurğuşun səviyyəsi ürək xəstəliklərindən ölümlərə və uşaqların İQ itkisinə də təsir göstərir.

Aparıcı müəllif Bjorn Larsen “AFP” agentliyinə müsahibəsində bildirib ki, modellərin hesabladıqları rəqəmi ilk görəndə "biz rəqəmi pıçıldamağa belə cəsarət etmədik", çünki bu, çox "böyük" idi.

Onların modeli hesab edir ki, 2019-cu ildə 5,5 milyon yetkin insan qurğuşuna məruz qaldıqları üçün ürək xəstəliyindən dünyasını dəyişib, onların 90%-i aşağı və orta gəlirli ölkələrin sakinləridir.

Bu, əvvəlki təxminlərdən altı dəfə çoxdur və bütün ölümlərin təxminən 30%-ni təşkil edir ki, bu da kifayət qədər böyük göstəricidir. Larsen qeyd edib ki, bu, qurğuşun məruz qalmasının siqaret və ya xolesteroldan daha çox ürək xəstəliyinə səbəb olması deməkdir.

6 trilyon dollara

Tədqiqat, həmçinin 2019-cu ildə beş yaşdan kiçik uşaqların qlobal miqyasda qurğuşun zəhərlənməsi səbəbindən ümumi 765 milyon İQ balını itirdiyini və bu itkilərin 95%-nin inkişaf etməkdə olan ölkələrdə olduğunu təxmin etdi. Bu rəqəm əvvəllər təxmin ediləndən təxminən 80% çoxdur.

Dünya Bankının tədqiqatçıları 2019-cu ildə qurğuşun təsirinin iqtisadi dəyərini 6 trilyon dollar hesablamışdılar ki, bu da qlobal ümumidaxili məhsulun 7%-nə bərabərdir.

Təhlillər üçün tədqiqatçılar 2019-cu ilin Qlobal Xəstəlik Yükü tədqiqatından götürülmüş 183 ölkədə qanda qurğuşun səviyyəsinin təxminlərindən istifadə ediblər.

Tədqiqatda iştirak etməyən Böyük Britaniyanın Birmingem Universitetinin hava çirkliliyi və sağlamlıq üzrə mütəxəssisi Roy Harrison AFP-yə bunun "maraqlı, lakin bir çox qeyri-müəyyənliklərə məruz qalmış tədqiqat" kimi qiymətləndirib. Harrison, həmçinin modelin inkişaf etməkdə olan bir çox ölkədə qanda qurğuşun miqdarının testlərdən deyil, təxminlərdən istifadə edildiyinə diqqət çəkdi. Nəticələr təsdiqlənsəydi, "onlar ictimai sağlamlıq üçün böyük əhəmiyyət kəsb edərdi, lakin hazırda bu, sadəcə maraqlı bir fərziyyədir",-deyə o, bildirib.

“Pure Earth” qeyri-hökumət təşkilatının prezidenti Riçard Fuller isə ona cavab olaraq açıqlayıb ki, inkişaf etməkdə olan ölkələrdə aparılan sorğular qanda qurğuşun üçün test apardıqda, onlar əsasən yeni araşdırmada təxmin ediləndən daha yüksək səviyyələr aşkar ediblər. Bu o deməkdir ki, "qurğuşun təsiri hesabatda təsvir olunduğundan daha acınacaqlı ola bilər", - deyə o, AFP-yə bildirib.

Fuller, qeyri-müəyyənlik deyilən məsələnin bir hissəsinin 25 inkişaf etməkdə olan ölkədə 5000 istehlak malı və qida nümunələrinin təhlil edildiyi “Pure Earth” hesabatında aşkar edildiyini söyləyib. O, metal qab və tavalarda, keramika qablarda, boyada, kosmetika məhsullarında və oyuncaqlarda yüksək qurğuşun çirklənməsini aşkar edib."Bu səbəbdən daha kasıb ölkələrdə qurğuşun zəhərlənməsi çox olur",-deyə Fuller vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”