Dünyada bir ölkədə geniş yayılmış, lakin əslində Yer kürəsinin tamam başqa yerində icad edilən çoxlu yeməklər var. Elə olur ki, bir neçə ölkə eyni anda özünü hər hansısa yeməyin vətəni iddia edir. Tarixçilər və elm adamları qədim əlyazmaları araşdırana qədər qurmanlar “bıçaqlarını itiləyir” və düz olanı müəyyən edirlər. Gəlin görək bəzi yeməklər əslində harada yaranıb?
Pelmeni (düşbərə)
Rusiya sakinləri heç vaxt ağlına belə gətirməzdilər ki, pelmeni başqa yerdə icad edilə bilər. Xəmirə bükülmüş qiymə parçaları çoxdan Rusiyanın milli sərvətinə çevrilib. Dövlət Dumasının deputatları hətta onu UNESCO-nun qeyri-maddi irs siyahısına daxil etməyi planlaşdırırdılar.
Bəli, düşbərə həqiqətən bütün Rusiyada əsrlərdir ki, bişirilir və yeyilir. Köçəri tayfalar onları bir neçə əsr əvvəl ilk dəfə hazırlayıblar. Lakin onlar bu resepti özləri icad etməyiblər, İpək Yolu ilə səyahət edən tacirlərdən götürüblər. Rəvayətə görə, Çin pelmeninin vətəni hesab olunur. Məhz orada həkim xəstələri yüksək kalorili və qidalı yeməklə müalicə etmək üçün əti un tortillalarına bükmək ideyasını irəli sürmüşdü və bu günə qədər çinlilər pelmenini rifah simvolu hesab edirlər, orada onun adına jiaozi deyilir. Onlar ənənəvi olaraq müxtəlif içliklərlə süfrəyə verilir. Məhz çinlilərin sayəsində bu yemək müxtəlif adlar altında bütün dünyada geniş yayılmışdır.
Makaron
İtalyanlar öz milli yeməkləri - makaronla son dərəcə fəxr edirlər. Makaron dedikdə ağıla ilk gələn günəşli İtaliyadır. İndi buğdadan və dənli bitkilərdən bu məhsulların hazırlanmasının bir çox çeşidi və üsulları var. Ancaq əslində xəmir parçalarını qaynar suda qaynatmaq fikrini ilk dəfə italyanlar icad etməyiblər. Yaşı eramızdan əvvəl dördüncü minilliyə aid olan ən qədim makaron qalıqları Çində tapılıb. Bəli, çinlilər burada da romalıları qabaqlamağı bacardılar. Ərəblər və hindular isə təxminən eramızdan əvvəl 1200-cü ildə buğda unundan hazırlanmış saplar yeyirdilər. İtaliyada makaron haqqında ilk dəfə eramızın 1-ci əsrinə aid “Apicius” kitabında bəhs edilmişdir.
Kruasan
Təzə, xırtıldayan və ətirli bir kruasan şirniyyatının adı Fransa ilə əlaqələndirilir. Amma əslində bu deserti praktiki olaraq milli sərvətə çevirən fransızların bununla heç bir əlaqəsi yoxdur. İlk dəfə olaraq, aypara formalı bu şirniyyatı bişirmək hələ 13-cü əsrdə Avstriya monastırlarında başlamışdır. Bişinti 18-ci əsrdə Marie Antoinette ilə birlikdə Vyanadan Fransaya gəldi. Kralın arvadı sevimli şirniyyatından ayrı qala bilmədiyinə görə fransız aşpazlarına resepti öyrədir. Orada kruasanların geniş yayılması 1838-ci ildə təqaüdçü Avstriya zabitinin Parisdə Vyana Çörəkxanasını açma Pizza
Pizza
İtaliyanın başqa bir milli yeməyi pizzadır. Bu yeməyin kütləvi yayılmasının italyanlarla başladığını xatırlamağa dəyər. Elə ilk pizza restoranı da 1830-cu ildə Neapolda açılıb. Lakin əslində onlar ideyanı tamamilə başqa insanlardan “oğurlamışdılar”.
Xəmirin üzərinə müxtəlif içliklər qoymaq fikri ilk dəfə 5-ci əsrdə Misir əsgərlərinin ağlına gəlmişdi. Yürüşlər zamanı onları döyüş qalxanlarının içərisində bişirirdilər. Bir əsr sonra una maya əlavə etməyə başladılar. Artıq Qədim Misirdən, yeməyin resepti Qədim Yunanıstana köçdü. Yunanlar xəmirə göyərti, tərəvəz və pendir səpərək atəşə qoyurdular. Bununla yanaşı, hətta vikinqlərin də arsenalında oxşar reseptlər olub. Buna görə də italyanlar pizza ixtiraçısı sayıla bilməzlər.
Turşu kələm
Rus evdar qadınları hər payızda duzlu kələm doğrayır, qarışdırır və bankalara yığırlar. Turş kələm şorbası və ya duru yağ və doğranmış yaşıl soğan ilə ədviyyatlı kələm salatı olmadan qaynadılmış kartofla nahar təsəvvür etmək çətindir. Ancaq bu orijinal rus yeməyi belə Rusiya ərazisində icad edilməmişdir.
Kələmin daha uzun müddət saxlanılması üçün qıcqırdılması ideyası çinlilərin ağlına Böyük Çin Səddinin tikintisi zamanı gəldi. Bu resept Rusiyaya 9-cu əsrdə Yunanıstandan gələn səyahətçilərin köməyi ilə çatmışdır. Ruslar bu üsulu o qədər bəyəndilər ki, dərhal onu qəbul etdilər və hər yerdə hazırlamağa başladılar. Hətta duzlu kələm emalı üçün xüsusi zavodlar belə yarandı.
Dondurma
Bu desert 17-ci əsrin ikinci yarısında Parisdə kafe açan italyan sayəsində bütün dünyaya yayılır. Amma əslində, o, nə Fransada, nə də İtaliyada icad olunmayıb. Bu resept Avropaya uzaq ölkələrdən gətirilib.
Çinlilər 4 min il əvvəl meyvə və giləmeyvə şərbətlərini ilk dəfə dondurdular. Oradan dondurma resepti Persiyaya, Makedoniyalı İskəndərin gəlişi ilə isə Yunanıstana gəldi. Əsrlər boyu zəngin Avropa ailələri onun hazırlanma texnologiyasını diqqətlə qorudular, lakin sızmanın qarşısını almaq mümkün olmadı – desert getdikcə yoxsullar üçün də əlçatan oldu.
Sezar salatı
Bu salatın adı çəkildikdə ağıla ilk gələn məşhur Roma sərkərdəsi Qay Yuli Sezardır. Əslində isə bu qəlyanaltı İtaliya ilə “uzaqdan” əlaqəlidir və "Sezar" adını bu inqrediyentləri bir qabda birləşdirməyi düşünən aşpazın adından almışdır.
Maraqlıdır ki, o, ilk dəfə Meksikada hazırlanıb. İtalyan əsilli aşpaz Sezar Kardini 1924-cü ildə çətin vəziyyətə düşdü. Mətbəxdə demək olar ki, bütün yeməklər bitmişdi və Meksika restoranının qonaqları sifarişlərini tələb edirdilər. Bu zaman Kardini məhsulları bir qabda birləşdirərək, hazırda bütün dünyada məşhur olan bir salatı icad etdi.
Nubar Süleymanova, “İki sahil”