20 fevral 2024 15:00
452

COP29 ərəfəsində Parisdə iqlim konfransı üzrə dəyirmi masa keçirilir

Fransanın paytaxtı Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının “COP28-dən sonra: birləşmək, hərəkət etmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı sessiyalar üzrə yüksək səviyyəli dəyirmi masa keçirilir.

"İki sahil” bu barədə Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir.

Dəyirmi masada Azərbaycanı COP29 üzrə danışıqların baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edir.

Tədbirdə IEA-nın icraçı direktoru Fatih Birol, COP28-in prezidenti Sultan Əl-Cabir, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, COP21 prezidenti və Fransanın sabiq baş naziri Loran Fabius, Danimarkanın əməkdaşlıq və qlobal iqlim siyasəti naziri Dan Yorqensen, Almaniyanın beynəlxalq iqlim fəaliyyəti üzrə xüsusi diplomatik nümayəndəsi Cennifer Morqan, Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni və BMT baş katibinin iqlim üzrə müşaviri Selvin Hart iştirak edir.

Qeyd edək ki, dəyirmi masa qlobal temperaturun 1.5°C-dən yuxarı qalxmasının qarşısının alınmasına yönəlmiş COP28-də əldə edilmiş əsas enerji və iqlim öhdəliklərinin icrasını müzakirə etmək üçün keçirilir.