23 fevral 2024 14:30
790

COP29: Dünyada iqlim dəyişiklikləri, qlobal istiləşmə, alternativ enerjiyə keçid xüsusi diqqətdə olacaq - EKSPERT/ÖZƏL

“COP29 tədbirinin 2024-cü ildə ölkəmizdə keçirilməsi qarşımızda mühüm prioritetlər formalaşdırır. Nəzərə almaq lazımdır ki, cənab Prezident İlham Əliyev 2024-cü ili ümumilikdə ekologiya sahəsinə həsr edərək “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edib. Bu il ərzində ölkəmizdə ekologiyanın qorunması, saflaşdırılması, atmosferə buraxılan zərərli qazların həcminin azaldılması nöqteyi nəzərdən çoxsaylı tədbirlər keçiriləcək.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

Politoloq hesab edir ki, COP29 tədbirinin BMT səviyyəsində keçirilməsi bizim üçün həm də məsuliyyəti artırır: “Bu tədbir ölkəmiz haqqında çox geniş və dolğun məlumatların verilməsi üçün də bir imkandır.  Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münhen Təhlükəsiz Konfransında ABŞ-nin dövlət katibi Antoni Blinken də daxil olmaqla bu ölkənin 3 yüksək vəzifəli şəxsi ilə görüşündə də COP29-un əhəmiyyətindən danışıldı. COP29-un ekologiya, alternativ və bərpa olunan enerji sahəsində mühüm mötəbər tədbir olması bir daha bildirildi. Düşünürəm ki, COP29 çərçivəsində və qarşıdakı illərdə də Azərbaycanla ABŞ tərəfdaşlığı ekologiya sahəsində də davam etdirilməsi gözlənilir. Çünki Azərbaycan bu tədbirə ev sahibliyi etməklə həm də dünyadakı qlobal emisiyaların, istixana qazlarının həcminin azaldılması nöqteyi-nəzərdən də dünyada adını ilklərə yazacaq ölkə olacaq.”

Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq

İlyas Hüseynov qeyd etdi ki, Azərbaycanın beynəlxalq tədbirləri keçirmək təcrübəsi böyükdür: “Hər il Bakıda “Formula 1” yarışları keçirilir, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, “Avroviziya” mahnı müsabiqəsi və digər beynəlxalq tədbirlər təşkil olunub. Düşünürəm ki, Azərbaycan bu ilin payızında keçiriləcək COP29 tədbirinə böyük uğurla ev sahibliyi edəcək. Nəzərə almaq lazımdır ki, Şərqi Avropa blokundan da tədbiri keçirmək üçün Azərbaycan, Bolqarıstan və Ermənistan da namizədliyini irəli sürmüşdülər. Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdü, daha sonra Bolqarıstan analoji addımı ataraq Azərbaycanın namizədliyini dəstəklədi və Azərbaycan bu tədbirə ev sahibliyi etmək fürsətini əldə etdi. Bu tədbir çox yaxşı imkandır ki, Azərbaycan beynəlxalq nüfuzunu daha da artırsın.”

COP29 Azərbaycanın ekologiyaya, bəşəriyyətin iqlim dəyişikliyinə nə qədər həssas yanaşmasının göstəricisidir

Politoloq xüsusi vurğuladı ki, bu kimi tədbirlər təşkil olunanda Azərcaycanda da “tənqidçilər”  və skeptiklər meydana çıxırlar: “Onlar bu cür tədbirlərin keçirilməsinin heç bir əhəmiyyətinin olmadığını bildirirlər. Lakin biz gördük ki, Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan haqqında müsbət təsəvvürlərin formalaşmasına xidmət edən bu kimi tədbirlər milli mübarizəmizdə bizə yardımçı oldu. Əlbəttə bu yumuşaq diplomatiyanın bir tərkib hissəsidir. Eyni zamanda, Azərbaycanın ekologiya sahəsinə, bəşəriyyətin iqlim dəyişikliyinə nə qədər diqqət ayırmasının göstəricisidir.”

İ.Hüseynov bildirdi ki, Azərbaycan qarşıdakı çağırışları nəzərə alır, alternativ, bərpaolunan enerji sahələrinə sərmayələr cəlb edir: “Yaxın Şərq ölkələri bu sahədə Azərbaycana investisiyalar yatırırlar. Cənab Prezident Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan edib. Külək, Günəş enerjisi ilə yanaşı, Xəzərin küləyindən də elektirk enerjisi istehsal olunacaq. Digər tərəfdən Azərbaycan, Gürcüstan, Ruminya və Macarıstan arasında əldə olunmuş razılığa əsasən ölkəmiz alternativ enerji sahəsindən əldə olunan elektrik enerjisini Qara dənizin dibi ilə Avropaya çatdıracaq. Bu, olduqca böyük bir layihədir və Azərbaycanın uzaqgörən və düşünülmüş eneji siyasətinin tərkib hissəsidir. Bu sahədə planlarımız çox genişdir, COP29-la kifayətlənməyərək növbəti addımlarımızda da dünyadakı iqlim dəyişikliklərini, qlobal istiləşməni, alternativ enerjiyə verilən önəmi nəzərə alaraq bu sahəni inkişaf etirəcəyik. Vurğulamaq istiyirəm ki, bu tədbir siyasi, iqdisadi cəhətdən əhəmiyyətli olduğu qədər, ölkəmizin gücünü möhkəmləndirən tədbir kimi yadda qalacaq.”

Orxan Vahidoğlu, “İki sahil”