Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində gördüyü tədbirlər beynəlxalq auditoriyanın diqqətinə çatdırılacaq

Azərbaycanın dünyanın ən mötəbər və qlobal miqyaslı tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Azərbaycan Prezidentinin növbəti qələbəsi, eyni zamanda, ölkəmizin qüdrətinin, beynəlxalq aləmdə böyük etimad qazandığını göstəricisidir. Azərbaycan qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibi genişləndirilib və inklüzivlik təmin edilib. İqlim dəyişmələri və ekoloji problemlər öz təsirini hər bir sahəyə göstərir. Bu baxımdan, Təşkilat Komitəsində hökumət üzvlərinin yer alması təbii qanunauyğunluqdur. Eyni zamanda millət vəkilləri də Təşkilat Komitəsində təmsil olunur. Çünki mütəmadi olaraq ekoloji sahədə qanunvericiliyin tənzimlənməsinə və təkmilləşdirilməsinə ehtiyac yaranır. Əsaslı məqamlardan biri isə burada vətəndaş cəmiyyətinin təmsil olunmasıdır.
Bu fikirləri "İki sahil"ə özəl açıqlamasında Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusifova söylədi.

Qəmzə Yusifova vurğuladı ki, BMT tərəfindən təşkil edilən İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı əsas məqsədi iqlim dəyişikliyinə beynəlxalq reaksiyanı artırmaq üçün dövlət başçılarını, diplomatları və iqlim müdafiəçilərini bir araya gətirməkdir. Tərəflər Konfransı 1992-ci ildə BMT-nin ilk iqlim müqaviləsini imzalayan və “iqlimə təhlükəli müdaxilə” ilə mübarizə aparmağı vəd edən 197 ölkəni özündə birləşdirir. Konfransa dünyada olan bütün ölkələr üzvdür və buna görə də əvvəl keçirilmiş COP tədbirləri ən çox dünya liderini bir araya gətirən toplantılar kimi tarixə düşüb. İlk Tərəflər Konfransı isə 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib.Tərəflər Konfransına BMT-nin beş regional qrupu növbə ilə ev sahibliyi edir və hər dəfə bu qrupa aid olan müxtəlif ölkələr ev sahibi olaraq seçilir. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə Tərəflər Konfransının 29-cu sessiyasının ev sahibi olaraq seçildi. Azərbaycanın yekdil dəstək ilə ev sahibi seçilməsi təsadüfi deyil. Dünyanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən olan Avropaya daxil olan ölkələrin Azərbaycanı dəstəkləməsi, ilk növbədə, ciddi diplomatik uğurdur. Bu uğurun əldə edilməsi uzun illər ərzində qurulmuş səmərəli diplomatik münasibətlərin, Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin nəticəsidir.
Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir

İctimai birliyin sədri qeyd etdi ki, dövlət başçısının uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu günbəgün artırır. Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Məlumdur ki, bu istiqamətdə dövlətimiz tərəfindən mühüm layihələr həyata keçirilir. Məhz buna görə Prezidentimiz işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsini "yaşıl enerji" zonası elan edib. Hazırda bu ərazilərdə görülən işlər qürurvericidir. Əlbəttə ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu fəaliyyətini görür və dəyərləndirir. Bütün bunlar onu göstərir ki, bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq.
Bakıda daha effektiv həll yolları tapılacaq

Birliyin sədri bildirdi ki, tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə şərait yaradacaq. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq.
Q. Yusifovanın sözlərinə görə, yeni inkişaf dövründə COP29 tədbiri dünyaya nümunə olacaq. Azərbaycan adı, Azərbaycan brendi yenə dünyaya öz sözünü deyəcək. Qlobal iqlim dəyişikliyi daha ciddi xarakter aldığından onunla mübarizənin maliyyələşdirilməsi üçün səylərin artırılmasına imkan yaratmaq üçün maliyyə problemlərinin qısa zamanda həll edilməsinə ciddi ehtiyac yaranıb. Bu baxımdan 2024-cü ildəki sessiya maliyyələşmə problemlərinin həlli üçün daha effektiv həll yollarının tapılmasına görə ən vacib sessiyalardan birinə çevrilə bilər. Bu sessiyaya ev sahibliyi etməklə Azərbaycan da bu mənada tarixə düşəcək".
Yaqut Ağaşahqızı, "İki sahil"