05 mart 2024 14:30
618

Bakı Su Həftəsi Azərbaycanda su sektorunun inkişafına təkan olacaq - FOTO

Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı - Bakı Su Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə "Caspian Events Organisers" şirkətinin departament rəhbəri Nuru Səfərəliyev məlumat verib ki, mart ayında Bakıda bütün dünyada mühüm və prioritet sahələrdən biri olan su təsərrüfatı üzrə Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçiriləcək. Bakı Su Həftəsi (“Baku Water Week”) çərçivəsində Azərbaycanda ilk dəfə baş tutacaq sərgi 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində, konfrans isə 13-14 mart tarixlərində keçiriləcək.

H.Səfərəliyev qeyd edib ki, Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkətin iştirakı təsdiqlənib. İştirakçı şirkətlərin təmsil etdikləri ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, İsveçrə, Qazaxıstan, Türkiyə və Rusiya daxildir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Azərbaycanda etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahənin ölkədə bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə keçirilən bu tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə təşkil edilir.

D.Şərifov bildirib ki, Bakı Su Həftəsinin təşkil edilməsində əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də Qarabağın bərpası və yenidən qurulması yönündə içməli su təminatının gücləndirilməsi, bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.

Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Səməd Rzazadə məlumat verib ki, ölkədə ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsi bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənir. Onun sözlərinə görə, müasir dövrdə dünya bir sıra yeni qlobal çağırışlarla üz-üzədir.

“Digər faktorlarla yanaşı, su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən ən vacib problemlərdən birinə çevrilib. Etibarlı su təminatı, su ehtiyatlarından səmərəli şəkildə istifadə son dövrlərdə dünya ölkələri qarşısında duran strateji məsələdir. Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Su təhlükəsizliyi, etibarlı və davamlı su təchizatına nail olunması Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində son illərdə ölkədə çoxsaylı layihələr həyata keçirilib, su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması üçün ardıcıl işlər görülüb. Ötən ildə isə ölkə başçısı tərəfindən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalanıb”, - deyə agentliyin nümayəndəsi bildirib.

Bakı Su Həftəsinin layihə rəhbəri Nıcat Şıxəliyev bildirib ki, Beynəlxalq Su Təsərrüfatı Sərgisi zamanı bu mövzularla əlaqəli mövcud həll yollarının tapılması yönündə bir sıra mühüm məsələlər müzakirə olunacaqdır. Belə ki, sərginin təqdimat zonasında müxtəlif mövzularda panel müzakirələri aparılacaq.

Nicat Şıxəliyev əlavə edib ki, ölkədə ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsi bir sıra önəmli şirkətlər tərəfindən dəstəklənir. Bu mühüm şirkətlərin dəstəyi tədbirin əhəmiyyətinin və aktuallığının göstəricisidir. O qeyd edib ki, Bakı Su Həftəsi müxtəlif bölmələri əhatə edəcək.

Bildirilib ki, sərgidə iştirakçılar və ziyarətçilər üçün maraqlı konsepsiya hazırlanıb. Belə ki, foyedə əziz və tarixi şəhər Şuşada yerləşən, Azərbaycanın milli mədəni irsi olan İsa bulağının maketi yerləşdiriləcək və buradan İsa bulağının şəfalı suyu axacaqdır. Bununla yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə “Ümid var” xeyriyyə cəmiyyətindən olan uşaqların, eləcə də Qərbi Kaspi Universitetinin Dizayn fakültəsinin tələbələrinin əl işlərindən ibarət sərgi təqdim ediləcək.

Bundan başqa, Şəmkirçay su anbarı, təmizləmə prosesinin texnoloji sxemi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, subartezian quyusu, o cümlədən 1913-cü ildə əkin sahələrini suvarmaq üçün Kür və Araz çaylarında geniş istifadə olunmuş su çarxı və qədim zamanlarda suyun tənzimlənməsində istifadə olunan maketlər nümayiş olunacaq. Sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcəkdir. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. İkitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.

Qeyd edək ki, tədbirdə iştirak edən şəxslər su təsərrüfatı sahəsinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və sektorun inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq imkanı əldə edəcəklər. Təşkilatçılar ümid edirlər ki, Bakı Su Həftəsinin keçirilməsi Azərbaycanda su sektorunun inkişafına təkan olacaq və yeni həll yollarının tapılmasına öz töhfəsini verəcək.

Orxan Vahidoğlu, “İki sahil”