Ermənistan hakimiyyəti Donbasda Rusiyaya qarşı döyüşlərdə iştirak etdiyi üçün Rusiya tərəfindən ekstradisiyası tələb edilən 29 yaşlı Gürcüstan vətəndaşı Georgi Kinoyanı həbsdən azad edib.
“İki sahil” xəbər verir ki, Pirveli TV-nin məlumatına görə, vətəndaş fəalı Georgi Tumasyan sosial şəbəkədə Gürcüstan vətəndaşının azadlığa buraxıldığını elan edib.
"Georgi Kinoyan azaddır! Ermənistan onu Rusiyaya ekstradisiya etməkdən imtina etdi, çünki "onun üçün təhlükəli olardı"- deyə, o, qeyd edib.
Ermənistanda saxlanılan Georgi Kinoyanın qardaşı Vako Kinoyan gürcü jurnalistlərə müsahibəsində deyib: "Dünən Ermənistan görünməmiş bir qərar verib və onu birbaşa Rusiyanın əlindən azad edib. Georgi Donetskdə 7 il həbsə məhkum edilib, sentyabrın 3-də isə Ermənistanda saxlanılıb". Vako Kinoyan qardaşı ilə birlikdə tezliklə Gürcüstana qayıdacaqlarına söz verib.
Ermənistan və Gürcüstan arasında qarşılıqlı hüquqi yardım müqaviləsi var, lakin bu müqavilə üçüncü ölkələrin tələbi ilə saxlanılan vətəndaşların ekstradisiyasını tənzimləmir.