“Son illər mədəni irs mövzusu getdikcə daha çox beynəlxalq müzakirələrin mərkəzində yer alaraq humanitar çərçivədən kənara çıxır və açıq şəkildə siyasi məzmun daşıyır. Bu baxımdan, Cənubi Qafqaz tarix, yaddaş və identiklik məsələlərinin xarici təsir alətinə çevrildiyi bir məkan kimi xüsusilə diqqət çəkir. Azərbaycanın azad edilmiş əraziləri ətrafında formalaşan müzakirələrdə səsləndirilən bəzi fikirlər və qiymətləndirmələr çox vaxt uzun illər davam etmiş işğalın nəticələrini nəzərə almadan təqdim olunur. Halbuki, regionda mədəni irsin real vəziyyətini müəyyən edən əsas amil məhz həmin dövrdə baş verən proseslərdir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, işğal illərində Azərbaycanın bu ərazilərində çoxsaylı tarixi-mədəni və dini abidələr dağıdılıb və ya ciddi zərər görüb. Söhbət ayrı-ayrı hallardan deyil, həm memarlıq abidələrini, həm qəbiristanlıqları, həm də mədəni irsin digər elementlərini əhatə edən sistemli prosesdən gedir. Xüsusilə, qəbiristanlıqların dağıdılması və dini obyektlərin təhqir edilməsi faktları dərin narahatlıq doğurur. Bu hallar yalnız maddi deyil, həm də mənəvi baxımdan ciddi zərbədir, çünki onlar xalqın tarixi yaddaşına və mədəni kimliyinə yönəlmiş təsir kimi qiymətləndirilir. Bu məsələlərin təhlilində əsas meyar emosional yanaşma deyil, faktlara əsaslanan sübutlardır — foto və video materiallar, peyk görüntüləri, yerində aparılan araşdırmaların nəticələri.
Millət vəkilinin sözlərinə görə, müasir mərhələdə diqqət çəkən əsas məqamlardan biri mədəni irs mövzusunun getdikcə daha çox siyasi təzyiq aləti kimi istifadə olunmasıdır. Müxtəlif ölkələrdə qəbul edilən bəzi parlament qərarları və bəyanatlar problemin kompleksliyini nəzərə almadan birtərəfli yanaşma formalaşdırır. Bu yanaşma Cənubi Qafqaz üçün adekvat deyil. Beynəlxalq münasibətlər tarixi göstərir ki, humanitar mövzular dəfələrlə geosiyasi təsir alətinə çevrilib. 1990-cı illərdə Balkanlarda baş verən münaqişələr zamanı mədəni irsin dağıdılması məsələsi informasiya mübarizəsinin əsas elementlərindən biri olmuş və beynəlxalq ictimai rəyin formalaşmasına ciddi təsir göstərmişdi. Eyni tendensiyalar Yaxın Şərqdə də müşahidə olunub, burada Palmira şəhərindəki abidələrin məhv edilməsi yalnız mədəni faciə deyil, həm də qlobal siyasi diskursun bir hissəsi kimi təqdim olunmuşdu. Bir çox hallarda ayrı-ayrı epizodların qabardılması ümumi mənzərəni kölgədə qoyaraq siyasi təzyiq mexanizminə çevrilirdi.
“Bu gün oxşar proseslər Cənubi Qafqazda da müşahidə olunur. İşğalın nəticələrinin nəzərə alınmaması və birtərəfli informasiya fonunun yaradılması beynəlxalq gündəlikdə balansın pozulmasına gətirib çıxarır. Bu xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin aktivləşdiyi bir dövrdə daha aydın görünür. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsi istiqamətində aparılan danışıqlar regionda yeni reallıq formalaşdırır. Lakin məhz belə mərhələlərdə xarici informasiya və siyasi təzyiqin artması müşahidə olunur”,-deyən Sevinc Fətəliyeva əlavə edib ki, humanitar mövzuların siyasiləşdirilməsi bu kontekstdə danışıqlar prosesinə təsir göstərmək, tərəflərin mövqelər balansını dəyişmək və ya sülh prosesinin dinamikasını zəiflətmək cəhdi kimi qiymətləndirilə bilər. Beynəlxalq təcrübə isə göstərir ki, humanitar məsələlərin siyasi alətə çevrilməsi uzunmüddətli və dayanıqlı nəticələrə gətirib çıxarmır. Əksinə, bu yanaşma etimadsızlığı artırır və dialoqu çətinləşdirir. Müharibədən sonrakı Avropa təcrübəsi göstərir ki, humanitar məsələlərin siyasiləşdirilməsindən imtina edilməsi və mədəni irsin qorunması sahəsində birgə mexanizmlərin yaradılması etimadın bərpasında mühüm rol oynayıb. UNESCO çərçivəsində həyata keçirilən proqramlar bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Bu təcrübə sübut edir ki, davamlı həll yolları yalnız bütün faktların qəbul edilməsi və obyektiv yanaşma əsasında mümkündür.
“Azərbaycan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayaraq mədəni və dini abidələrin bərpasını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu proses yalnız infrastrukturun bərpası deyil, həm də tarixi yaddaşın və mədəni həyatın dirçəldilməsi deməkdir. Eyni zamanda, beynəlxalq əməkdaşlıqda açıqlıq və şəffaflıq prinsipləri vurğulanır ki, bu da regionda yeni yanaşmanın formalaşdığını göstərir. Nəticə etibarilə, Cənubi Qafqazda mədəni irs mövzusu bu gün həm humanitar, həm də siyasi gündəliyin kəsişməsində yerləşir. Bu şəraitdə əsas vəzifə birtərəfli yanaşmalardan imtina etmək və faktlara əsaslanan obyektiv təhlilə üstünlük verməkdir. Tarix göstərir ki, humanitar məsələlərin siyasi təzyiq alətinə çevrilməsi sülhə xidmət etmir. Əksinə, yalnız tarixi həqiqətə hörmət və açıq dialoq regionda dayanıqlı gələcəyin əsasını təşkil edə bilər”,-deyə deputat vurğulayıb.