24 aprel 2026 18:59
124

Valideynlər üçün doğru seçim hansıdır? - Qadağa, yoxsa nəzarət

Psixoloq: Şiddət məzmunlu oyunların təsirini tək bir səbəblə izah etmək mümkün deyil, burada həm fərdi, həm ailəvi, həm də sosial amillər paralel rol oynayır

Şiddət məzmunlu video oyunlar son illərdə uşaqlar və yeniyetmələr arasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bu oyunlar ilk baxışdan sadəcə əyləncə vasitəsi kimi qəbul edilsə də, onların məzmununda yer alan zorakılıq səhnələri psixoloji baxımdan müəyyən risklər yaradır. Davamlı olaraq aqressiv süjetlərlə qarşılaşan uşaqlarda şiddətə qarşı həssaslığın azalması, zorakı davranışların adi və qəbul edilən norma kimi qavranılması ehtimalı artır. Xüsusilə formalaşma mərhələsində olan psixika üçün bu cür təsirlər daha dərin iz buraxa bilir. Uşaq gördüyünü təqlid etməyə meyilli olduğu üçün virtual mühitdə müşahidə etdiyi davranışları real həyatda tətbiq etməyə cəhd edə bilər. Bu isə həm sosial münasibətlərdə problemlərə, həm də emosional idarəetmədə çətinliklərə səbəb ola bilir.

Digər tərəfdən, bu oyunların həddindən artıq və nəzarətsiz istifadəsi uşağın gündəlik həyat balansını da poza bilər. Fiziki aktivliyin azalması, sosial ünsiyyətin zəifləməsi və real həyat maraqlarının arxa plana keçməsi kimi hallar getdikcə daha çox müşahidə olunur. Bütün bunlar isə nəticə etibarilə uşağın həm psixoloji, həm də sosial inkişafına mənfi təsir göstərən amillər sırasındadır. Məhz bu kontekstdə mütəxəssislər məsələyə daha geniş və çoxşaxəli yanaşmanın vacibliyini vurğulayırlar. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov da şiddət tərkibli video oyunların təsirini yalnız bir istiqamətdə dəyərləndirməyin düzgün olmadığını bildirərək qeyd edir ki, burada həm fərdi psixoloji xüsusiyyətlər, həm ailə mühiti, həm də sosial kontekst paralel şəkildə rol oynayır.

Şiddət normaya çevriləndə risk başlayır

Araşdırmalar göstərir ki, intensiv və nəzarətsiz şəkildə şiddət məzmununa məruz qalmaq uşaqlarda aqressiv davranış modellərinin formalaşmasına təsir edə bilir. Bu təsir birbaşa davranışın təkrarı formasında deyil, daha çox şiddətin normallaşdırılması, konfliktlərin zorakılıq yolu ilə həllinin mümkün variant kimi qəbul edilməsi və emosional reaksiyaların dəyişməsi səviyyəsində özünü göstərir.

Xüsusilə yeniyetməlik dövründə identifikasiya mexanizmləri güclü olduğu üçün fərd oyun qəhrəmanları ilə özünü eyniləşdirir və bu zaman müşahidə olunan davranışlar psixoloji model kimi daxilləşdirilə bilər.

Empatiyanın zəifləməsi səssiz prosesdir

Empatiya məsələsinə gəldikdə isə burada əsas risk uzunmüddətli desensitizasiya prosesidir. Yəni, şiddət səhnələrinin tez-tez təkrarlanması nəticəsində fərdin emosional həssaslığı tədricən azalır, başqasının ağrısını hiss etmə və ona reaksiya vermə qabiliyyəti zəifləyə bilər. Bu isə sosial münasibətlərdə məsafələşmə və emosional soyuqluq kimi nəticələrə gətirib çıxara bilər. Lakin bu təsirin bütün uşaqlarda eyni səviyyədə baş verdiyini demək elmi baxımdan düzgün olmaz. Ailə nəzarəti, uşağın emosional intellekt səviyyəsi, sosial dəstəyi və alternativ fəaliyyətlərinin olub olmaması bu prosesdə ciddi fərq yaradır. Digər tərəfdən, bütün video oyunları eyni kateqoriyada qiymətləndirmək də doğru deyil. Strategiya, məntiq və əməkdaşlıq üzərində qurulan oyunlar kognitiv inkişafı, diqqəti və qərarvermə bacarıqlarını gücləndirə bilər. Problem məhz məzmunun xarakteri və istifadə intensivliyi ilə bağlıdır. Bu kontekstdə belə kontentin məhdudlaşdırılması psixoloji baxımdan əsaslı hesab oluna bilər, lakin burada yanaşma qadağa üzərində qurulmamalıdır.

Qadağalar bəzən problemi dərinləşdirir

Psixoloq onu da diqqətə çatdırır ki, qəti qadağalar uşaqlarda əks effekt yaradaraq marağı daha da artırır və gizli istifadəyə səbəb olur. Daha effektiv yanaşma nəzarətli istifadə, yaşa uyğun filtrasiya və valideynlə uşaq arasında açıq kommunikasiya modelinin qurulmasıdır. Uşağa nəyi niyə məhdudlaşdırdığımız izah edilmədikdə, o bunu yalnız məhrumiyyət kimi qəbul edir. İzah edildikdə isə bu, tədricən daxili nəzarət mexanizminə çevrilir.

Balans pozulduqda təsir güclənir

Psixoloji baxımdan optimal model balans prinsipinə əsaslanır. Uşağın rəqəmsal fəaliyyəti real sosial mühit, fiziki aktivlik və emosional ünsiyyətlə kompensasiya olunmalıdır. Əgər uşaq yalnız virtual mühitdə mövcuddursa, bu zaman risklər artır. Əgər bu fəaliyyət həyatın bir hissəsidirsə və digər inkişaf sahələri ilə paralel gedirsə, təsir daha nəzarət olunan olur. Ona görə də problem yalnız video oyunun özündə deyil, onun uşağın həyatındakı yerindədir. Nəzarət, maarifləndirmə və balanslı yanaşma tətbiq olunarsa, potensial risklər minimuma endirilə bilər.

Nigar Orucova, "İki sahil"